“İstedadlı Əlillər” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın təşkilati dəstəyi ilə həyata keçirilən “Əlilliyi olan şəxslərin bacarıqlarının inkişafı” adlı layihə çərçivəsində növbəti tədbir – satış sərgisi və konsert proqramı baş tutub.
QHT.az xəbər verir ki, 27 iyun 2025-ci il tarixində Xırdalan şəhərindəki AAAF-Park Yaşayış Kompleksində keçirilmiş tədbir zamanı layihə çərçivəsində təlimlərə cəlb olunmuş əlilliyi olan şəxslərin hazırladıqları əl işlərindən ibarət satış sərgisi, eləcə də “İstedadlı Əlillər” İctimai Birliyinin musiqi bacarığı olan üzvlərinin iştirakı ilə konsert proqramı təşkil olunub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Giriş nitqi ilə çıxış edən layihə rəhbəri Qubad Qasımov tədbirin məqsəd və məramı haqqında geniş məlumat verib. O bildirib ki, üç ay müddətində həyata keçirilən layihə çərçivəsində 35-dən çox əlilliyi olan şəxs və onların valideynləri müxtəlif təlimlərə cəlb olunmuş, təlimçi Zümrüd Xalıqova tərəfindən onlara əl işləri üzrə bacarıqlar yüksək səviyyədə aşılanmışdır. Təlim iştirakçıları lazımi material və avadanlıqlarla təmin olunublar.
Sərgidə ümumilikdə 45 nəfər iştirak edib. Onlardan 35 nəfəri layihə çərçivəsində təlim keçmiş şəxslər, 10 nəfəri isə İctimai Birliyin taxtaoyma və rəsm sahəsində bacarıqlı üzvləridir. Tədbirin əsas məqsədi əlilliyi olan şəxslərin sosial və iqtisadi inteqrasiyasına dəstək vermək, onların yaradıcılıq potensialını üzə çıxarmaq və cəmiyyətdəki aktiv rollarını təşviq etməkdir.
Tədbirdə çıxış edən qonaqlar – Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli, Abşeron RİH yanında İctimai Şuranın sədri Xatirə İsmayılova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü Zülfüyə Nuruyeva, KOBİA əməkdaşı Amil İsmayılov, “Ümman” Əlil Uşaqlara Qayğı İctimai Birliyinin sədri Şükufə Məmmədova, “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İB-nin sədri Cəmilə Abdulova, “Zərnur” Tədris Mərkəzinin təsisçisi və direktoru Gülnar İbrahimova çıxış edərək dövlətin bu sahəyə xüsusi diqqət yetirdiyini vurğulayıblar.
Tədbir “İstedadlı Əlillər” İctimai Birliyinin üzvlərinin ifasında təqdim olunan musiqi proqramı ilə davam edib.
Sonda layihə rəhbəri Qubad Qasımov, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinə, tədbirə qatılan qonaqlara və iştirakçılara öz təşəkkürünü bildirib. Qonaqlar sərgiyə baxış keçirib və iştirakçılarla xatirə şəkilləri çəkdiriblər.
Fotolar