Yekaterinburqda vəhşicəsinə qətlə yetirilən, lakin Rusiya tərəfinin utanmazcasına “ürək tutması” adı ilə ört-basdır etməyə çalışdığı qardaşların nəşi bu gün torpağa tapşırıldı. Rusiya tərəfi, adəti üzrə, öz məsuliyyətini etiraf etmək əvəzinə, törətdiyi cinayətə yalan don geyindirərək Azərbaycanı günahlandırmağa çalışır. Üstəlik, Rusiyada fəaliyyət göstərən səfirimizi Xarici İşlər Nazirliyinə çağıraraq, Azərbaycana nota göndərir.
Azərbaycan tərəfi isə bu təxribat xarakterli addıma adekvat cavab verdi, Rusiyaya nota təqdim edərək ölkəmizin daxili işlərinə qarışmamağın vacibliyini qəti şəkildə bildirdi. Mövcud vəziyyət göstərir ki, iki ölkə arasında münasibətlər getdikcə gərginləşir. Rusiya ciddi cəhdlə bölgədə sabitliyi pozmağa, Azərbaycanın səbrini sınağa çəkməyə çalışır.
Bəs bundan sonra Rusiya ilə münasibətlər hansı formada irəliləyəcək? Turkustan.az olaraq mövzu ilə bağlı sualımızı politoloq Oqtay Qasımova ünvanladıq.
Oqtay Qasımov
Rusiyanın Azərbaycana qarşı aqressiyasının səbəbi bəllidir. Rusiya Azərbaycanın müstəqil siyasət həyata keçirməsini heç cür qəbul edə bilmir. Onun yaratdığı yeni reallıqları, ərazi bütövlüyünün bərpasını və suverenliyinin təmin olunmasını həzm edə bilmir. Rusiya bütün keçmiş postsovet məkanı ölkələrinə öz təsir zonası kimi baxdığından məhz bu məsələlərdə qıcıqlanır. Azərbaycanın yaratdığı yeni reallıqları qəbul etməməklə bərabər, Azərbaycanın aktiv rol oynamasına da kifayət qədər əsəbi yanaşır. Azərbaycanın müstəqil siyasət apararaq, müxtəlif güc mərkəzləri ilə, Çin, Avropa ittifaqı və digərləri ilə strateji tərəfdaşlıq memorandumu imzalanmasından narahatdır. Rusiya Azərbaycanın Türkiyə ilə münasibətlərinin son dərəcə yüksək səviyyədə olmasını qəbul edə bilmir və məhz bu tandem Güney Qafqazda aparıcı rola malikdir. Onlarsız bu bölgədə hansısa maraqların həyata keçirilməsi imkansız kimi görünür. Bundan əlavə Rusiya Azərbaycanın hərbi və təhlükəsizlik sisteminin müasir standartlarla qurulmasına qıcıqlanır. Ona görə də bu və digər məsələlər Rusiyada Azərbaycana qarşı bir aqressiya yaradır və Azərbaycana daxildən təzyiq imkanlarını itirən Rusiya indi xarici təsirləri işə salmaqla, xüsusi ilə də diasporda soydaşlar məsələsini istifadə etməklə Azərbaycana təzyiq etmək istəyir. Əgər Rusiya bu aqressiyanı davam etdirəcəksə təbii ki, Azərbaycandan adekvat cavablar alacaq. Bu da Rusiyanın Güney Qafqazdakı maraqlarına uyğun olmayacaq.
Aytən Yaşar/ Turkustan.az