Elşən Mirişli
Gəncə şəhəri, tarixçi
IV Yazı
Uzun Həsən Bayandur Qaraqoyunlu dövlətinin (1375-1468) ərazilərini özünə tabe edəndən sonra,onların paytaxtı Təbriz şəhərini özünə paytaxt seçmiş və Anadoludakı Ağqoyunlu ulusuna (el, millət) bağlı olan boy (qəbilə) və oymaqların (tayfa) çoxunu Qaraqoyunluların ərazisinə gətirmiş və burada onlara iqtalar vermişdir.
Trabzon yunan imperiyası ilə əlaqələr
Trabzon dövləti IV Xaç müharibəsi zamanı Şərqi Roma imperiyasının-Bizansın səlibçilər tərəfindən dağıdılması nəticəsində yaranmışdı.
Trabzonun Ağqoyunlular üçün böyük ticarət əhəmiyyəti var idi.Bu şəhər Ağqoyunlu tacirlərindən ötrü Qara dənizə yeganə əlverişli çıxış yolu idi.Ağqoyunlu tacirləri burada ipək və başqa şərq malları almağa gələn venesiyalılarla,genuyalılarla, habelə digər avropalı tacirlərlə görüşürdülər.Ağqoyunlu tacirləri Trabzon ticarətindən böyük gəlir götürür,bu şəhər vasitəsilə Krımdakı ticarət mərkəzləri ilə də əlaqə saxlayırdılar.
Uzun Həsənin Diyarbəkirdə Ağqoyunlu hökmdarı olması, İstanbulun II Mehmed tərəfindən tutulması (1453) ilə bir vaxta düşür.Bu böyük zəfərdən sonra bir sıra Avropa ölkələrinə yürüşlər təşkil edildi.Serbiya, Bosniya, Hersoqovina, Albaniya, Moreya, Yunanıstan torpaqları tutuldu. Moldova, Valaxiya, Krım Osmanlı dövlətinin vassal asılılığına keçdi.
Ağqoyunlu dövlətinin şərqdə ona təhlükə yaratdığını düşünən II Mehmed Həmzə bəyin başçılığı ilə Trabzon imperiyasına qoşun göndərdi.Bu Osmanlı ilə Ağqoyunlular arasında narazılıqlara səbəb oldu. Ağqoyunlular Trabzon yunan dövləti ilə, hələ Azərbaycanda hakimiyyətə gəlməmişdən çox əvvəl-Diyarbəkir və onun ətraflarını əhatə edən əmirlik olarkən dostluq əlaqəsi yaratmışdılar.Tabzon imperiyası Osmanlı dövlətinə qarşı Ağqoyunlu dövlətinin müttəfiqi idi.Ağqoyunlu Əlaəddin Turəli bəyin oğlu Fəxrəddin Qutlu bəy Maria Komnenos ilə evlənmişdi. Bayandur əmir sülaləsinin banisi Qara Yülük Osman bəy Trabzon imperatoru III Aleksiosun qızı Despina Xatun ilə evlənmişdi. Bayandurlar sülaləsinin ən görkəmli nümayəndəsi Uzun Həsən isə Trabzon imperatoru IV İoonnesin qızı Feodoranı (Teodora Meqale Komnenos) almışdı.Uzun Həsənin bu arvadı şərq mənbələrində Dəspinə Xatun adlanır.
Ağqoyunlu sarayında olmuş, “ Uzun Həsəni görüb onunla söhbət etmiş bir avropalı səyyah bu haqda maraqlı məlumat verir.O,göstərir ki, Trabzon imperatoru erməni hakimi ilə müharibədə əsir düşmüşdü.Həmin erməni feodalı isə onu Uzun Həsənə təlim etmişdi.Trabzon imperatoru Uzun Həsənin yanına gətirildikdə ondan soruşmuşdu: “hansı məbləğə özümü satın ala bilərəm?” Uzun Həsən isə cavabında: “Arzu etdiyim adam əlimə düşmüşdür.Mən onu pulla qiymətləndirmirəm.Deyilənə görə, sizin Feodora adında ağıllı və xoşxəsiyyət qızınız var. Onu mənə ərə verin”-demişdi.Trabzon imperatoru “biz xristian,siz müsəlman olduğunuz halda mən bunu necə edə bilərəm?” deyə etiraz etdikdə Uzun Həsən “bu məni narahat etmir...” demişdi.Bundan sonra Feodora Ağqoyunlu sarayına göndərilmişdi.
Trabzon imperatorları hələ 1453-cü ildən Osmanlı sultanlarına xərac verirdilər.İmperator David Komnenos, Baloniyalı Lüdoviqlə danışıqlardan sonra Uzun Həsəndən İstanbula bir elçi heyəti göndərməsini xahiş etdi.1459-cu ildə Murad bəyin başçılığı ilə Ağqoyunlu elçiləri İstanbula gəldilər.Onlar Trabzonun Osmanlı dövlətinə verdiyi xəracın ləğv edilməsinə nail olmalı idilər.Lakin II Mehmed Ağqoyunlu elçilərinin tələbini qəbul etmədi.İstanbuldan rədd cavabı alan Uzun Həsən Trabzon üzərində əlverişli strateji məntəqə olan Qoyluhisarı tutdu.Bu, sultanın Trabzonu almasına maneçilik törətmək üçün görülən tədbir idi.Osmanlı qoşunları bir neçə dəfə Qoyluhisarı geri almaq üçün təşəbbüs göstərildisə də səmərəsiz qaldı.
Qoyluhisar toqquşmaları zamanı, II Mehmed Kiçik Asiyanın Qara dəniz sahillərindəki xırda dövlətlərini bir-birinin ardınca aradan qaldıraraq Şimali Anadolu vasitəsi ilə Trabzona tərəf irəlilədi.Onu Mahmud paşanın başçılığı altında Qara dənizdə hərəkət edən böyük bir donanma müşayət edirdi.II Mehmed,əvvəlcə bu donanmanın köməkliyi ilə Genuya şəhərinə məxsus varlı ticarət məntəqəsi olan Amasranı, sonra isə İsfəndiyaroğulları bəyliyinə məxsus Sinopu və Kastamonunu tutdu.II Mehmed Qoyluhisar məğlubiyyətindən Sinopda xəbər tutdu və ordunu əlavə qüvvələrlə möhkəmləndirdikdən sonra Sinopdan Trabzona deyil,birbaşa bu zaman Ağqoyunlulara məxsus olan Qoyluhisara hücum etdi.Sultan II Mehmed Trabzona hücum zamanı arxadan təhlükəsizliyini təmin etmək üçün əvvəlcə Ağqoyunlu dövlətini məğlub etmək qərarına gəlmişdi.Odur ki, Qoyluhisarı tutduqdan sonra Osmanlı qoşunları Ağqoyunlu dövlətinin sərhəddini keçərək sürətlə Ərzincana tərəf hərəkət etdi.Sultan II Mehmed Ərzincan yaxınlığındakı Yassıçəmən yaylağında düşərgə saldı və Ağqoyunlularla qarşıdakı döyüşə hazırlaşmağa başlasdı Vəziyyəti tam aydınlığı ilə dərk edən Uzun Həsən təcili tədbirlər gördü.O, II Mehmedin düşərgəsinə bir elçi heyəti göndərdi.Elçi heyətinə Sara Xatun başçılıq edirdi.Ağqoyunlu dövlətinin xarici siyasətinin səhmana salınmasında görkəmli diplomat və dövlət xadimi Sara Xatunun böyük rolu vardı.Ağqoyunlu hökmdarı Uzun Həsənin anası, demək olar ki,bütün Şərqdə yeganə istedadlı diplomat qadın kimi məşhur olan Sara Xatun, hətta Avropa ölkələrində də tanınırdı. Ağqoyunlu əmiri Əli bəyin ölümündən sonra onun oğulları, habelə Bayandur sülaləsinin başqa nümayəndələrinin taxt-tac uğrunda ara müharibələrini sakitləşdirməkdə onun böyük rolu olmuşdur. Bunun nəticəsində, həmin dövrdə kiçik Ağqoyunlu əmirliyi Osmanlı dövləti və Qaraqoyunlu dövləti kimi iki qüvvətli rəqib arasında müstəqilliyini saxlaya bilmişdi.Olduqca ağıllı və tədbirli qadın olan Sara Xatun dövlət idarə işlərinin bütün sahələrində oğluna yaxından kömək edirdi. Ağqoyunlu dövlətinin xarici ölkələrlə diplomatik əlaqələrində Sara Xatunun rolu daha mühüm idi.Uzun Həsən bütün xarici siyasət məsələlərini onunla məsləhətləşir, ən məsul diplomatik danışıqlar üçün onu göndərirdi. O, nəinki xarici ölkələrin ayrı-ayrı diplomatları ilə, həmçinin Teymurilər dövləti Sultanı Əbu Səid, Osmanlı Sultanı II Mehmed kimi dövlət başçıları ilə də diplomatik danışıqlar aparmış, Ağqoyunlu dövlətinin xarici siyasi mənafeyini uğurla müdafiə etmişdi. Uzun Həsən,xüsusilə xarici siyasətlə əlaqədar ən çətin məsələlərin həllini Sara Xatuna etibar edirdi.Teymurilər dövləti hökmdarı Əbu Səidin Azərbaycana hücum təhlükəsi yarandıqda sülh danışıqları üçün göndərilən elçilərə də Sara Xatun başçılıq etmişdir.Osmanlı dövləti Ağqoyunlu dövlətinin müttəfiqi və Aralıq dənizi sahilində əlverişli strateji məntəqə olan Karaman əmirliyini aradan qaldırmaq istədikdə Osmanlı dövləti Sultanı II Mehmedlə danışıqlar aparmaq üçün yenə də Sara Xatun göndərilmişdi.
Bir diplomat kimi Sara Xatunun fəaliyyətində onun Sultan II Mehmedlə bağladığı 1461-ci il sülhünün böyük əhəmiyyəti var.Bu sülh, hələlik əlimizdə olan məlumata görə, Sara Xatunun xarici ölkə hökmdarı ilə bağladığı ilk müqavilələrdən biridir.Uzun Həsən Sara Xatunu Sultan II Mehmedin hərbi düşərgəsinə göndərərkən, onun qarşısına iki çətin vəzifə qoymuşdur. Əvvəlcə o, Osmanlı Sultanını Ağqoyunlular üzərinə hücum etmək fikrindən daşındırmalı idi.Çünki II Mehmedin bu hücumu Ağqoyunlu dövlətinin varlığına son qoya bilərdi. Bu məqsədə nail olduqdan sonra Sara Xatun sultanı mümkün qədər Trabzonu fəth etmək fikrindən də döndərməli idi.
Bütün Yaxın və Orta Şərqdə böyük nüfuzu olan Sara Xatun Osmanlı sultanının hərbi düşərgəsində yaxşı qarşılandı.Mənbələrin məlumatına görə diplomatik daışıqlar zamanı Sara Xatun və II Mehmed bir-birinə “ana”, “oğul” deyə müraciət edirmişlər.Sara Xatun bu danışıqlar zamanı özünün bütün diplomatik ustalığından istifadə edərək Uzun Həsənin birinci tapşırığını yerinə yetirə bildi. II Mehmedi Ağqoyunlu dövlətinə qarşı müharibə etmək fikrindən daşındırdı.İki ölkə arasında, Ağqoyunluların Osmanlı dövlətinə, habelə onun himayəsindəki yerlərə hücum etməməsi və Osmanlı qoşunlarının Trabzona hücumu zamanı Ağqoyunlu dövlətinin bitərəf qalması şərti ilə sülh bağladı.Bu sülhün o zaman Ağqoyunlu dövləti üçün böyük əhəmiyyəti olmuşdu.Məhz Sara Xatunun bağladığı bu müqavilə nəticəsində o zaman Osmanlı dövləti ilə toqquşmağa qadir olmayan kiçik Ağqoyunlu dövləti öz müstəqilliyini saxlaya bilmişdi.Lakin Sara Xatun tapşırılan ikinci vəzifəni yerinə yetirə bilmədi.Sultanı Trabzon yunan imperiyasını Osmanlı dövlətinə qatmaq fikrindən döndərə bilmədi.
Ağqoyunlu dövlətini təcrid etdikdən sonra II Mehmed Trabzon üzərinə yeridi.Lakin o,Uzun Həsənin arxadan hücum etməyəcəyinə əmin deyildi.Odur ki,sultan Sara Xatun başda olmaqla Ağqoyunlu elçilərini də özü ilə götürdü.Sara Xatun yol boyu sultanı Trabzonu fəth etmək fikrindən çəkindirməyə çalışdı.Lakin onun səyləri heç bir nəticə vermədi.Dənizdən Osmanlı donanması tərəfindən mühasirə edilən Trabzon 30 günlük mühasirədən sonra 1461-ci il oktyabrın 26-da II Mehmed tərəfindən zəbt edildi.Qara dənizdə Genuya ilə rəqabət aparan mühüm ticarət mərkəzi süqut etdi.Artıq Trabzonun əldən getdiyini görən Sara Xatun öz gəlininin- Feodora Komnenosun Trabzon taxtına varislik hüququnu irəli sürdü.Bundan istifadə edib Trabzon xəzinəsini II Mehmed ilə bölüşdürdükdən sonra Ağqoyunlu elçilərinin başında geri qayıtdı.Görünür, Ağqoyunlularla kəskinləşən münasibətləri yumşaltmaq üçün II Mehmed Sara Xatuna xoş rəftar göstərmiş,onu çoxlu hədiyyələrlə geri yola salmışdı.Uzun Həsənin elçiləri ilə birlikdə,Yassıçəməndə bağlanmış müqaviləni yeniləmək üçün sultanın elçiləri də Ağqoyunlu sarayına gəldilər.Bununla Osmanlı sultanı qərbdəki istilalarını həyata keçirərkən öz arxasının təhlükəsizləşdirmək istəyirdi.
Trabzonun fəthi ilə Ağqoyunlu dövləti təkcə öz müttəfiqini deyil,həm də Qara dənizə yeganə çıxış yolunu itirdi.
Ticarət üçün,həm də hərbi strateji baxımdan əlverişli coğrafi mövqedə-Qara dəniz sahilində olan Trabzonun Ağqoyunlular üçün böyük əhəmiyyəti vardı.Trabzon imperatorları Ağqoyunlu hökmdarları ilə Avropa dövlətləri arasında əlaqə yaradır,onların danışıqlarına vasitəçilik edirdilər.Uzun Həsən sultanın başının Avropada qarışmasından istifadə edərək 1464-1469-cu illərdə,onun müttəfiqləri Arslan bəyi,Qaraqoyunlu hökmdarı Cahanşahı,onun oğlu Həsənəlini və Teymuri dövləti hökmdarı Əbu Səidi məğlub edib geniş ərazili bir dövlət yarada bildi.Əbu Səidi məğlub etdikdən sonra yerinə onun taxt-tac rəqibi Məhəmməd Yadigarı təyin edən Uzun Həsən müvəqqəti olaraq Teymuri dövlətini də özündən asılı hala saldı.
Kiçik Asiya hakimlərindən biri olan Arslan bəy II Mehmedin müttəfiqi idi. O,tez-tez Karamana və Ağqoyunlu torpaqlarına basqın edirdi.Uzun Həsən 1465-ci ildə onu məğlub edib Ağqoyunlu ərazisini Fərat vadisinə doğru genişləndirdi.Bundan təhlükəyə düşən Misir Məmlük sultanı Ağqoyunlulardan üz döndərib Osmanlılarla yaxınlıq etməyə başladı.
Uzun Həsənin Qanunnaməsi
Ağqoyunlu dövlətinin başçısı Uzun Həsən tərəfindən tərtib (1470-1477-ci illərdə) edilmiş qanunvericilik aktı idi.Uzun Həsənin Qanunnaməsi Azərbaycanın dövlət və hüquq,o cümlədən siyasi və hüquqi fikir tarixinin öyrənilməsi baxımından qiymətli mənbə hesab oluna bilər.Bu qanunvericilik aktını kənd təsərrüfatı və vergilər sahəsində aparılmış hüquqi islahat kimi də qiymətləndirmək olar.”Qanunnamə” də qismən mühakimə icratı, qazıların vəzifəyə təyinatı və mülki hüququn iddialar institutuna, həmçinin iddia müddətlərinin hesablanması məsələsinə də toxunulmuşdur.Belə ki, qazılar bu vəzifəyə bilik və bacarıqları yoxlanmaqla təyin edilir, bəzən isə seçilrdilər.Məhkəmədə iddia qaldırmaq müddəti xeyli qısaldılmışdır. “Qanunnamə” Uzun Həsən Bayandurun dövründə verilən qanunlar toplusudur.
Uzun Həsən cəsur,bilikli və adil sultan idi.Tarixçi və səlnaməçilər ona “Sultan-i adil” ləqəbi vermişdilər.Ondan əvvəl kəndli və əkinçilərin vəziyyəti vergilərin artması ilə pisləşmişdi.O, bu vəziyyəti islah etmək üçün Uzun Həsənin “Qanunnaməsi”ni və ya “Həsən padşah qanunları”nı çıxartdı.Bu “Qanunnamə”yə görə vergi məhsulun altıdadan birinə və tamğa (ticarət mallarına qoyulan vergi) malın yüzdə beşinə düşürdü. Bu “Qanunnamə” Səfəvilər zamanında da qüvvədə idi.Bütün ömrü mücadilə və savaşlarda keçən bu padşah,elmə çox əhəmiyyət verib alimləri himayə edirdi. Həftədə bir gün alimləri saraya dəvət edər, onlar üçün mübahisə məclisləri qurardı.Əbu Bəkr Tehrani Ağqoyunlu tarixi olan “Kitab-i Diyarbəkriyyə”nin çox qismini Uzun Həsənin ağzından eşidərək yazmışdır.
Uzun Həsən ana dilinə və elinə çox bağlı idi. O,özünü Oğuz Xan və onun nəvəsi Bayandur Xanın nəslindən bilb türk dilinə bağlılıq göstərmişdir.Ondakı dini etiqad da möhkəm olub,bu səbəbdən “Qurani-Kərimi” türk dilinə tərcümə etdirmiş və onu türk dilində hüzurunda oxudardı.Onun əqidəsinə görə müqəddəs kitabı türkcə oxumaq da bir ibadətdir və onunla da savab qazanılır.
Ardı var.