Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan Cümhuriyyəti


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)

VIII yazı

Bu məqalə Azərbaycan Cümhuriyyətinin qurucusu, ilk cümhurbaşqanı, milli ideoloq
Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illik yubileyinə ithaf olunur.

Mühacirətdə, yəni 1920-ci il­lər­dən baş­la­ya­raq qə­lə­mə al­dı­ğı əsər­lə­rin­də milli ideoloq M.Ə.Rəsulzadənin sosial-demokratizm, sosializm, demokratiya anlayışlarına baxışları öz aktuallığını itirməmişdi. O, rus sosial-demo­kratizmi ilə marks­izmin fərqlərini göstərməyə çalışmış, milli dövlətdə sosial­ məsələ­nin yerini izah etmiş, milli təsanüdçülük təlimini irəli sürmüşdü.

Sosial-demokratizm adı altında pərdələnərək fəhlə-kəndli sinfi formasında millətləri əsarət altında saxlayan Sovet rejiminə qarşı mübarizə aparan Rəsulzadə, bolşeviklərin Azərbaycana tətbiq etdiyi “sosializm”in iç üzünü açıb göstərirdi. O, yazırdı: “Azərbaycanda “sosializm”in zahirən “türkizm” üzərində qələbəsi təmin olunmuşdu. Rus bolşevizmi Azərbaycan millətçiliyi üzərində qələbəsini bayram edirdi. Yabançı totalitarizm yerli demokratiyaya qələbə çalmışdı. Lakin bu məsələnin, sadəcə, zahiri tərəfidir. Həqiqətdə isə mübarizə hələ bitməmişdir: Onun müqəddəratı müasir şəraitdə dünya miqyasında cərəyan edən böyük mübarizənin müqəddəratı ilə bağlıdır. Azadlıq və demo­kratiyanın son qələbəsi müqəddərsə, (buna qətiyyən şübhəmiz yoxdur) o zaman 1918-ci ilin 28 mayında hüquqi ifadəsini tapan milli Azərbaycan Respublikasının həyata keçirdiyi azadlıq və isti­qlala yenidən qovuşacağı əlbəttə ki, həqiqət və müqəddərdir”.[1]

Rəsulzadənin əsas məqsədi əsl demokratiya, sosial-demokrat təlimi ilə, sovetlərin “sosial-demo­kratiya”, “demokratiya”sı arasındakı fərqləri ortaya qoymaq idi. “Rusiyada siyasi vəziyyət” məqaləsində o, bu fərqləri göstərir, bunun nəticəsində bolşeviklər arasında yaranmış ziddiyyətləri nümunə gətirirdi: “Kommunist firqəsindəki müxalifət eyni cinsdən deyil­dir. Bunlar bir tərəfdən Zinovyev tərəfindən idarə olunan sollar, digər tərəfdən də Sokol­nikov və Medvedyev kimi sağlar arasında müxtəlif fərqlərlə ayrılan çoxlu zümrəsindən ibarətdir. Bu müxaliflərə görə indiki idarə Rus­iyanı sosializmə deyil, kapital­izmə aparır”.[2] Rəsulzadə onların arasındakı fikir ayrılığını belə izah edirdi: “Sağlar deyirlər ki, dünyada sosializm qurmaqdan əl çəkməli, Avropa ilə əmək­daşlıq etməli, demokratiyaya doğru getməli, sollar deyir, Leninə qayıt­malı, bütün dünyanı sovetləş­dirməli. Kommunist firqəsi bir tərəf­dən həqiqi rus mənafeyini güdən sağlar, digər tərəfdən də beynəl­miləl inqilab iddialarından əl götürməyən sollar arasındakı çəkiş­mələrə səhnə olmuşdur. Medvedyev və Zinovyev qütbləri arasında müxtəlif şəkil və xüsusiyyətlər daşıyan qruplar çoxalır. Bunlar arasında hakim bir vəziyyəti tutan qrup Stalin zümrəsidir”.[3]

Rəsulzadə Sovetlərin saxta “demokratiya” və “sosializm” təbliğatına baxmayaraq, qeyri-rus millətləri öz yollarından dön­dərə bilmədiyini yazırdı: “Bakıda toplanan Türkoloji Konqresin pantürküstlər tərəfindən istifadə olunmamasını təmin üçün yaxşı əməl sərf edilməsinə rəğmən yuxarıda adı çəkilən konqresdə “nə yapsalar da bizi böyük Türk kültür və mədəniyyəti yaratmaq əzmindən döndərəməzlər” mənasında söylənən hərarətli nitqlər iradını qadağan edə bilməmişlərdi”.[4] Bu baxımdan Rəsulzadə inanırdı ki, sonda bolşevik diktatorluğu məhv olacaq. O, yazırdı ki, keçirdikləri çox acı təcrübələr nəticəsində birlik lüzum­una bütün mövcudiyyətləri ilə qənaət gətirən bu millətlər nə la­zımdır etməli­dirlər: “Bunlar arasında Azərbaycan Cümhuriy­yətinə və azəri türklərinin üzərinə düşən vəzifə də çox böyükdür”.[5]

Rəsulzadə “Milliyyət məsələsində bolşevik nəzəriyyə və əməliyyatları” əsərində milliyyətlə bolşevizm arasındakı əsas ziddiyyətləri göstərməyə çalışmışdır. Onun fikrincə, Vilson prinsiplərində xüsusi mövqe tutan “millətlərin öz müqəddərat­larını həlli səlahiyyətdar olduqları” prinsipi bolşevizmdə heç bir zaman öz mahiyyətində müsbət bir qiymətə malik olmamışdır: “Onların nəzərində bu şüar təqib etdikləri məqsəd uğrunda istifadə etdikləri silahlardan biridir. Digər təbirlə, bu məsələ onlar üçün heç bir zaman bir məqsəd deyil, sadə bir vasitə və alət rolunu oynamış­dır.... Milli mədəniyyətə müqabil Lenin “ümum­dünya fəhlə hərəkatı və beynəlmiləl demokratiya mədəniyyəti”ni qoyurdu. Bu nöqteyi-nəzərlə də o, Rusiyanın milli-məhəlli muxtariyyətlər əsası üzərində qurulu qoşma cümhuriyyətlər (federasiyon) şəklində təsisinin şiddətlə əleyhinə idi”.[6]1917-ci ildə bolşevik konqresi Lenin tərəfindən təklif olunan bu formulu “mərama müvafiq olarsa” qeydi ilə qəbul etmişdi. Yəni onlar demək istəmişdi ki, “bəli bir millət dövlətdən ayrılmaya belə haqlıdır. Yalnız bir şərtlə ki, bu ayrılma mərama müvafiq olsun”. Rəsulzadə yazırdı: “Mərama müvafiq olan ayrılmanın təqlidi isə bolşevik firqəsinə aiddir. Sonralar “bu təqdir”in miqyası da təyin olundu. “Təyini-müqəddərat” haqqı bir millətin ümumi heyətinə deyil, ancaq o millətin “proletariat” sinfinə məxsus olundu”.[7] Rəsulzadə Azərbaycanın, Gürcüstanın da bu adla işğal edildiyini yazırdı: “Gürcüstan və ya Azərbaycan fəhlələri guya “Sovet Rusiyasına ilhaq qərarı verdiklərindən” təbii ki, Moskva bolşevikləri elan etdikləri milliyyət prinsipini pozmadan bu məmləkətlərə gəlmələrdir”.[8]

Ən azı üç müxtəlif dövrdə - çar Rusiyası, Azərbaycan Cüm­huriyyəti və SSRİ (M.Ə.Rəsulzadənin də mühacirətdə olduğu dövr) zamanlarında sosial-demokratizmi dəyərləndirən M.Ə.Rəsulzadə­nin bu təlimə baxışlarında zamana görə kəskin fikir ayrılıqlarının olduğu­nu söyləmək mümkün deyil. Düzdür, onun zaman-zaman bu təlimə baxışlarında müəyyən dəyişikliklər olub, bunu da daha çox Rəsul­zadənin dünyagörüşünün formalaşma mərhələlərində bu ideyaya yeniləşmiş baxışları kimi dəyərləndir­mək olar. Onun qəbul etmədiyi sosial-demokratiya sovetlərin yalançı, riyakar“sosializm”i idi. Sovetlərin ortaya qoyduğu yalançı “sosializm” və “demokratiya”nın mahiyyətini də açmaqdan geri qalmayan M.Ə.Rəsulzadə marksist sosial-demokratizmin isə müəyyən müddəalarını qəbul edib. Bu müddəalar da cəmiyyətin sosial bərabərliyi, maddi rifahı ilə bağlı idi. Ona görə də Rəsulzadə insanların sosial bərabərliyini təmin edən bir təlim kimi, onu Cümhuriy­yət dövründə qismən də olsa, həyata keçirməyə çalışıb.

Ümumilikdə, Rəsulzadənin sosail-demokratizmə, sosializmə baxışlarını üç yöndən qiymətləndirmək olar. Birinci halda o, sosial-demokratizmi digər ideyalardan üstün tutub, insanların və millətlərin azadlıqlarının sosializmin beynəlmiləl qələbəsi ilə mümkün olacağına inanmışdır. Onun fikrincə, bütün millətlərin fəhlə-kəndli sinfinin bərabər şəkildə mübarizəsi nəticəsində ayrılıqda götürül­müş bir millətin azadlığı da reallaşa bilər. 1911-1912-ci illərə qədər Rəsulzadə də bu fikrin hakim olduğunu görmək mümkündür. Düzdür, o, bəzən bunun özünə də tərəddüdlə yanaşıb. Hətta boş məhculluq içərisində sosial-demokratizmə söykəndiklərini də etiraf edən Rəsulzadənin bütün bunlarla yanaşı müəyyən bir dövrdə ən çox sosial-demokratizmə üstünlük verdiyi bəllidir. Bunun nəticəsidir ki, Rəsulzadə hətta mənəvi baxımından bağlandığı İslamı belə sosial-demokratizmə zidd saymayıb. Əksinə, onlar arasında ideya yaxınlığı tapıb ortaya çıxarmağa çalışıb. Prof. Şamil Qurbanov yazırdı: “Məhəmməd Əmin fəaliyyətinin ilk dövründə sosial-demokratlarla yaxın olub, sosializm ideyasının təsiri altında idi. Onun gizli imzalarından biri də “sosialist” olmuşdur. Onlar cəmiyyəti inqilab yolu ilə dəyişdir­mək, yeniləşdir­mək istəyirdilər ki, bu da zamanın tələbindən doğurdu. Məhəmməd Əmində Müsavat fikrinin formalaşmasına və eyni adlı partiya yaranana qədər bu əqidə onda güclü idi”.[9]

İkinci halda isə Rəsulzadə sosial-demokratizmi sosial məsələ kimi, ikinci plana salıb. Bu, o vaxt baş verib ki, Rəsulzadə sosial-demokrat ideya əsasında bir millətin azad, müstəqil ola biləcəyinə inanmayıb. Eyni zamanda anlayıb ki, Rusiya bolşevik­ləri sosial-demokratiya (bolşevizm) adı altında yeni bir imperiya qurmaq istəyirlər. Bu baxımdan müsavatçılıq ideyasını ortaya ataraq milli davanı önə çəkən Rəsulzadə sosial-demokratizmi daha çox sosial nəzəriyyə kimi yanaşıb. Bu nəzəriyyəyə görə isə sosial-demokrat­izmdə olduğu kimi, bütün millətlər bərabər şəkil­də sosial-iqtisadi rifaha, insan haqlarına sahib olmalıdır. Ancaq bundan öncə milli dava aparılmalı və hər bir millət ayrı-ayrılıqda ən azı muxtariyyət şəklində özünü idarəetməyə nail olmalıdır.

Üçüncü halda Rəsulzadə sosial-demokrat və milli məsələyə nisbətən bərabər şəkildə yanaşıb. Milli demokratizmi istənilən ideyadan üstün tutmaqla yanaşı Rəsulzadə hesab edib ki, demo­kratik ölkədə faşizm, hitlerizm kimi mürtəce millətçiliyə də yol verilməməlidir. Milli demokratik cəmiyyətdə dövlətin vətəndaşları heç bir milli-dini ayrı-seçkilik olmadan bərabər şəkildə yaşamalı­dırlar. Ancaq milli demokratik, ya da milli sosial dövlətdə də milli xüsusiy­yətlər, milli mənlik şüuru patriotluq anlamında hər zaman bir addım öndə olmalıdır. Burada nəzərdə tutulan milli mənlik şüuru bütövlükdə toplumu bir tam olaraq görmək, onu milli sosial dövlət anlamında ayaq üstə tutmaqdır.

XX əsrin ilk yarısında yaşamış M.Ə.Rəsulzadə sosial demokratiya, liberalizm/liberal-demokratiya cərəyanlarını və onların mahiyyətin­dən irəli gələn təlimləri (bolşevizm, menşevizm, faşizm, hitlerizm və b.) çox yaxşı bildiyi üçün, onlardan fərqlənən üçüncü yolu daha doğru görmüşdür. Belə ki, Rə­sul­za­də kom­mu­niz­mə və liberalizmə, eləcə də onlardan törəyən ifrat təlimlərə qar­şı mil­li təsanüdçülük, ya da milli həm­rəy­lik təlimini irəli sürmüşdür.

[1] Rəsulzadə M.Ə. Əsrimizin Səyavuşu, Çağdaş Azərbaycan ədəbiyyatı, Çağdaş Azərbaycan tarixi. Bakı: Gənclik, 1991, s.111

[2] Rəsulzadə M.Ə. Bolşeviklərin Şərq siyasəti. Bakı: Sabah, 1994, s.16

[3] Yenə orada, s.17-18

[4] Yenə orada, s.30

[5] Yenə orada, s.43

[6] Rəsulzadə M.Ə. Əsərləri (Mühacirət dövrü: Türkiyə, 1922-1929). I cild, Bakı, “OL” npkt, 2016, s.303-304

[7] Yenə orada, s.305

[8] Yenə orada, s.305-306

[9] Qurbanov Şamil. Məmməd Əmin Rəsulzadə. Bakı: Nurlan, 2001, s.49


MANŞET XƏBƏRLƏRİ