“İrana qarşı hücumların bərpası İsraildə yeni hökumətin qurulmasının vaxtından asılı deyil. Vaşinqton və Təl-Əviv İrana qarşı növbəti addımlarla bağlı qərar qəbul etmək üçün hərbi, kəşfiyyat və siyasi koordinasiyanı davam etdirir”.
Turkustan.az xəbər verir ki, bu barədə “Israel Hayom” ABŞ və İsrailin diplomatik dairələrinə istinadla yazıbş
Nəşr İsraildə keçirilən seçkilərin nəticələrinə dair təhlilində qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp vəzifə müddətinin qalan iki ilini İrana qarşı mübarizə və regional razılaşmaları irəli aparmaq üçün strateji fürsət hesab edir.
ABŞ administrasiyasının yüksək vəzifəli rəsmisi xəbərdarlıq edib ki, ölkə liderləri bu fürsətdən istifadə etməlidir:
“Bu, real xəbərdarlıqdır. Əgər sizin siyasi liderləriniz son dərəcə mühüm strateji fürsətdən yararlanmaq üçün tələsməsələr, iki ildən sonra bu fürsət əldən çıxanda İsrailin öz mövcudluğu uğrunda müharibəsi xeyli çətin olacaq”.
Həmin rəsminin sözlərinə görə, Vaşinqtonun bu dövr üçün nəzərdə tutduğu planlara İranın nüvə proqramı, raketləri və proksi qüvvələri də daxil olmaqla, çoxsaylı təhdidlərin aradan qaldırılması, eləcə də daha çox ərəb ölkəsinin, xüsusilə Səudiyyə Ərəbistanının İsraillə razılaşmaya qoşulmasına şərait yaradacaq regional və ikitərəfli sazişlərin əldə olunması daxildir./teleqraf