İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi Tehran və Vaşinqton arasında mümkün anlaşma memorandumu ilə bağlı mühüm açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, Bekayi paytaxt Tehranda keçirdiyi həftəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, tərəflər müzakirə olunan məsələlərin böyük hissəsi üzrə müəyyən nəticəyə gəliblər.
“Müzakirə olunan məsələlərin böyük bir hissəsi üzrə nəticə əldə etdiyimizi deyə bilərik”, – deyə o qeyd edib. Bununla belə, Bekayi vurğulayıb ki, bu, razılaşmanın yaxın zamanda imzalanacağı anlamına gəlmir və ABŞ-ın öhdəliklərinə əməl edəcəyinə dair zəmanət yoxdur.
İran rəsmisi ABŞ tərəfinin mövqeyində tez-tez dəyişikliklər və ziddiyyətlərin müşahidə olunduğunu bildirərək, bunun danışıqlar prosesini çətinləşdirdiyini deyib. Onun sözlərinə görə, mümkün anlaşma memorandumunda hələ də mübahisəli məqamlar qalır.
Bekayi həmçinin Hörmüz boğazı ilə bağlı yayılan iddialara da münasibət bildirib. O qeyd edib ki, İran boğazdan keçid üçün tranzit haqqı tətbiq etməyi planlaşdırmır: “Biz Hörmüz boğazı üçün tranzit haqqı toplamaq istəmirik. Naviqasiya xidmətləri və təhlükəsizliyin təmin olunması üçün ödəniş alınması tamamilə təbiidir və bu, tranzit haqqı hesab edilmir.”
Aytən Yaşar/ Turkustan.az