Süni intellekt texnologiyalarının sürətlə inkişaf etməsi dünya texnologiya şirkətlərini yeni təhlükəsizlik addımları atmağa məcbur edir.
Xüsusilə süni intellektin gələcəkdə insan müdaxiləsi olmadan özünü inkişaf etdirə bilməsi ehtimalı mütəxəssislər arasında ciddi müzakirə olunur.
Turkustan.az xarici mediaya istinadən xəbər verir ki, bu istiqamətdə “OpenAİ” yeni təhlükəsizlik tədqiqatçıları axtardığını açıqlayıb.
Şirkət yayımladığı vakansiya elanında mümkün riskləri araşdıracaq mütəxəssislərə illik 295 min dollardan 445 min dollara qədər maaş təklif olunduğunu bildirib.
Məlumata görə, tədqiqatçılar “recursive self-improvement” adlanan, yəni süni intellektin insan müdaxiləsi olmadan özünü öyrədib inkişaf etdirməsi ssenariləri üzərində çalışacaqlar.
Son illərdə xüsusilə proqram təminatı sahəsində süni intellekt alətlərinin sürətlə yayılması texnologiya dünyasında yeni narahatlıqlar yaradıb.
Sektor nümayəndələri hesab edir ki, gələcəkdə süni intellekt sistemləri öz araşdırmalarını apara və özünü daha da təkmilləşdirə bilər.
Bildirilir ki, Sam Altman rəhbərlik etdiyi “OpenAI” hazırda tədqiqat proseslərini avtomatlaşdıra bilən sistemlər üzərində də işləyir.
“Anthropic” şirkətinin həmtəsisçilərindən olan Jack Clark isə açıqlamasında 2028-ci ilə qədər insan müdaxiləsi olmadan fəaliyyət göstərə bilən süni intellekt tədqiqat sistemlərinin yaranma ehtimalını 60 faiz qiymətləndirib.
“OpenAI”-nin elanına əsasən, işə qəbul olunacaq mütəxəssislər süni intellekt sistemlərinin təhlükəsizlik boşluqlarını araşdıracaq, məlumatların zəhərlənməsi hücumlarına qarşı müdafiə üsulları hazırlayacaq və modellərin qərarvermə proseslərini analiz edəcəklər.
Şirkət, həmçinin süni intellekt alətlərinin texniki iş sahələrini hansı səviyyədə avtomatlaşdırdığını da izləməyi planlaşdırır. /Cebheinfo.az/