Qurban bayramına sayılı günlər qaldıqca, vətəndaşları maraqlandıran əsas suallar da aktuallaşır. Qurbanın necə kəsilməsi, hansı heyvanların qurbanlıq sayılması, ətin necə bölüşdürülməsi və bu ibadətin mənəvi mahiyyəti ilə bağlı müxtəlif suallar yaranır.
Mövzu ilə bağlı Bakıvaxtı.az-ın suallarını cavablandıran Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullah deyib ki, Qurban bayramı Allaha yaxınlıq və böyük savab əməllərdən biridir:
“Şükürlər olsun Allahın cəlalına, bu il də biz Qurban bayramına qovuşuruq. İnşallah, bayrama çox az günlər qalır. Qurban bayramı adından da məlum olduğu kimi, Allaha yaxınlıq və gözəl bir əməldir. İnsan elə bir savab iş görür ki, gördüyü əməllə Yaradana yaxınlaşır və Allahın boynumuzda qoyduğu böyük və gözəl vəzifələri icra etmiş olur”.
Onun sözlərinə görə, qurbanlığın həm əməli, həm də mənəvi tərəfi var:
“Qurbanın əməli tərəfi ondan ibarətdir ki, qoyun, xırda və ya iri buynuzlu heyvan kəsilir, bəzi hallarda dəvə də qurban verilir. Daha sonra qurbanlıq üç hissəyə bölünür. Bir hissəsini ailə özü istifadə edə bilər, digər hissələri isə yaxınlara, qohum-əqrəbaya, kasıblara, yoxsullara, ehtiyacı olan insanlara paylanır. Bu ibadətin əsas mahiyyəti paylaşmaq, bölüşmək və insanların bir-birinə dayaq olmasıdır”.
Hacı Fuad Nurullah bildirib ki, Qurban bayramının fəlsəfəsi İbrahim peyğəmbərin Allaha olan sadiqliyi ilə bağlıdır:
“İbrahim peyğəmbər Allah yolunda ən əzizini belə fəda etməyə hazır idi. Təbii ki, Allah insanın qurban verilməsini istəməz. Bizim qurbanlığımız saflaşmaq, paklaşmaq, düzgün yolda olmaq, gözəl əxlaqa sahib olmaq, bir-birinə diqqətli və mehriban olmaqdır. Qurban bayramı insanı paylaşmağa, ehtiyac sahibinin qapısını döyməyə, onun halını soruşmağa çağırır”.
Müsahibimiz qeyd edib ki, qurbanlıq insanın ən əziz bildiyini Allah yolunda fəda etməyə hazır olmasıdır. Müqəddəslər müxtəlifdir - ana da müqəddəsdir, torpaq da müqəddəsdir:
"Biz Qarabağın azadlığı uğrunda canından keçən igid oğullarımızı da gördük. Onlar canlarını vətəninə, torpağına, namus-qeyrətinə fəda etdilər. Bu da böyük mənada qurbanlıqdır. Qurban bayramı əsrlərdir yaşayır, insanlar bu bayramı yaşadır, onun əzəmətini qoruyur və bir-birinə qarşı diqqətli olurlar. Bu bayram əbədi yaşayır. Vətən uğrunda canından keçən oğullar da ölməzliyə qovuşur. Vətən yaşayır, onlar da yaşayır. Çünki Müqəddəs Quranda buyurulur ki, şəhidlərə ölü deməyin, onlar diridirlər".
Hacı Fuad Nurullah: Qurban bayramı birlik, vəhdət, səmimiyyətdir
Dediyinə görə, bayramın əsas dəyərlərindən biri də insanlar arasında birliyin və həmrəyliyin güclənməsidir:
“İnsanlar bu günlərdə bir-birini axtarır, hal-əhval tutur, ehtiyacı olan ailələrin yanında olurlar. Küsənlər barışır, insanlar məscidlərdə bir araya gəlir, bayram namazına qatılır, salamlaşır və bir-birinə xoş sözlər deyirlər. Bu da birlikdir, vəhdətdir, səmimiyyətdir”.
QMİ-nin sədr müavini qurbanlıq heyvanlarla bağlı da mühüm məqamlara toxunub. O bildirib ki, əsasən xırda və iri buynuzlu heyvanlar, həmçinin dəvə qurban kəsilə bilər:
“Xırda buynuzlu heyvan altı aydan yuxarı olmalıdır. Səkkiz ay və ya bir yaş olması daha münasibdir. İri buynuzlu heyvanın isə bir yaşı tamam olmalıdır. İki yaşa qədər olması daha yaxşıdır. Dəvənin yaşı isə mütləq beş yaş olmalıdır”.
Həmsöhbətimizin sözlərinə görə, qurban kəsmək savab və müstəhəb əməldir:
“Məkkədə olan insanlar üçün qurban vacibdir. Bizim üçün vacib deyil, amma Allahın bəyəndiyi və sevdiyi əməl olduğu üçün insanlar bunu nə qədər çox etsələr, bir o qədər çox savab qazanarlar. Maddi imkanı olan insan bir qurban da kəsə bilər, bir neçəsini də. Bu gözəl əməldir və Allahın sevdiyi ibadətlərdəndir”.
Sonda Hacı Fuad Nurullah bayram münasibətilə dua edib:
“Allah kəsilən qurbanlarımızı qəbul eləsin. Allah-Təala dövlətimizi qorusun, millətimizi qorusun, xalqımızı qorusun”.