Bu gün bir çox adam qazancının ay sonuna çatmadığında şikayət edir. Lakin mütəxəssislər bildirirlər ki, hər ay pulun tez bitməsinin səbəbi təkcə bahalaşma deyil. Məsələnin arxasında fərqinə varmadan təkrarlanan maliyyə vərdişləri də dayanır.
Maaşınız hələ hesabınıza köçməmiş bitir?
Turkustan.az hər ay sonu pulsuz qalmağınızın arxasındakı gizli səbəbləri təqdim edir:
Bir çox çalışan üçün ayın sonunu gətirmək sanki sağ qalma mübarizəsinə çevrilib. Lakin mütəxəssislərə görə, hər ayın sonunda cibinizdə beş qəpik qalmamasının səbəbi yalnız inflyasiya və ya bahalaşma deyil; fərqinə varmadan təkrarladığınız bəzi yanlış maliyyə vərdişləri ola bilər. Əgər siz də "dünən maaş almışdım, necə oldu ki, bitdi?” deyə düşünürsünüzsə, maliyyə sağlamlığınızı pozan əsas səbəblər bunlardır:
Pulsuz qalmağın ən əsas səbəbi gəlir və xərclər balansını yazılı şəkildə izləməməkdir. Haraya nə qədər xərclədiyinizi bilmədikdə, xırda xərclər yığılaraq nəhəng qar topuna çevrilir. Ayın əvvəlində kirayə, kommunal ödənişlər və ərzaq kimi sabit xərcləri ayırmadan edilən alışlar ayın sonunda məyusluqla nəticələnir.
Gün ərzində çöldən alınan bir qəhvə, abunə sistemləri və ya "endirimdədir” deyə alınan lazımsız əşyalar tək-tək kiçik görünsə də, ayın yekununda büdcənizi sarsıdan ən böyük xərclərdən birinə çevrilir. Mütəxəssislər bu vəziyyəti "sızdıran kran” kimi xarakterizə edir; kranı təmir etməsəniz, su çəni həmişə boş qalacaq.
Stressli, kədərli və ya çox xoşbəxt olduğunuz anlarda özünüzü alış-verişlə mükafatlandırmaq istəyi, məntiqli maliyyə qərarlarının qarşısındakı ən böyük maneədir. "Buna layiqəm” deyərək edilən plansız xərclər qısa müddətli sevinc versə də, ayın sonunda uzunmüddətli maddi narahatlığa səbəb olur.
Kredit kartını "əlavə gəlir” hesab etmək
Ən geniş yayılmış səhvlərdən biri kredit kartı limitini maaşın davamı kimi görməkdir. Gələcək ayın gəlirini bu gündən xərcləmək sizi bitməyən borc dairəsinə sürükləyir. Yalnız minimal məbləği ödəməklə vəziyyəti müvəqqəti həll etmək isə faiz yükü altında qalmağınıza səbəb olur.
Bir çox insan ayın sonunda pul artıq qalarsa yığım edəcəyini düşünür. Lakin həqiqət budur ki, həmin pul heç vaxt artıq qalmır. Maliyyə uğurunun sirri maaş daxil olan kimi əvvəlcə "özünə ödəniş etmək”, yəni yığım məbləğini kənara ayırmaq və qalan pulla ayı idarə etməyi öyrənməkdir.
Şüurlu xərcləmə, rahat ay sonu
Əgər hər ayın sonunda eyni pulsuzluq dövrünə düşürsünüzsə, deməli, vərdişlərinizi yenidən nəzərdən keçirməyin vaxtıdır. Mütəxəssislər vurğulayırlar ki, kiçik dəyişikliklər və nizamlı nəzarət maliyyə azadlığına aparan yolda ən güclü vasitədir. /qaynarinfo.az/