İran ABŞ ilə 6 fevralda İstanbulda planlaşdırılan görüşün Türkiyədə deyil, Omanda keçirilməsini istəyir. Bu barədə "Axios" portalı mənbələrinə istinadən məlumat yayıb.
“İranlılar danışıqların İstanbuldan Omana köçürülməsini istəyirlər. Onlar həmçinin görüşlərin yalnız ABŞ ilə ikitərəfli formatda keçirilməsində israrlıdır”, – məlumatda qeyd olunur.
İran nədən görüşün İstanbulda keçirilməsini istəmir? Türkiyə uzun müddətdir ABŞ-ni İrana zərbə endirməkdən çəkindirməyə çalışır. İranın Türkiyəyə belə münasibəti nədən qaynaqlanır?
Siyasi şərhçi Azər Həsrət Musavat.com-a bildirib ki, ümumiyyətlə, İran rejimi Türkiyəyə və Azərbaycana həmişə qeyri-səmimi yanaşıb, etimad göstərməyib. Türkiyə və Azərbaycan dövlətlərinin mövcudluğu belə, onlarda həmişə qıcıq yaradıb. Türkiyənin geoplitik məsələlərdə, dünya siyasətində mövqelərinin güclənməsini heç zaman İran rejimi istəmir:
“ABŞ ilə danışıqların İstanbulda keçirilməsinin Türkiyənin mövqelərini gücləndirəcəyini düşünən İran rejimi görünür ki, buna görə görüşün yerini dəyişmək istəyir. Halbuki Türkiyə neçə vaxtdır ABŞ-nin İrana hərbi zərbələr endirməsinin qarşısını almaq üçün çalışır. İranın ərazi bütövlüyünün qorunmasının vacibliyini bəyan edir. Hətta İsrail keçən il İranı bombalayanda Türkiyə İrana siyasi dəstək verdi. Əslində bu gün ABŞ-nin İrana hücumunu indiyə qədər dayandırmış dövlət Türkiyədir. Lakin görünür ki, İrana nə qədər yaxşılıq etsən də xeyri yoxdur, rejimin münasibəti dəyişən deyil. Eyni zamanda İran rejimi bu qədər küncə sıxışdırılmağına baxmayaraq “biz də şərtlər irəli sürə, diktə edə bilirik” görüntüsü yaratmaq istəyir. Amma görüşün harada keçirilməsindən asılı olmayaraq sonda İran ABŞ-nin şərtlərini qəbul etmək məcburiyyətində qalacaq. Oyun meydançasını dəyişməklə İran vəziyyətdən çıxası deyil”.