“Publik məkanda bəzi deputatlar, rəsmi şəxslər yenidən belə bir fikir yayırlar: "Quru sərhədlərin bağlı olması çox doğrudur, görürsünüz İran ətrafında nələr olur? Vəziyyət pisləşsə, ölkəyə yüzminlərlə qaçqın gələrdi".
Turkustan.az xəbər verir ki, bu sözləri Respublikaçı Alternativ (ReAL) Partiyasının sədri Natiq Cəfərli öz “Facebook” səhifəsində yazıb. O bildirib ki, İranda baş verən proseslər sərhədlərin bağlı qalması üçün əsas deyil:
“Bu insanlar anlamır ki, Allah göstərməsin, İranda ciddi qarışıqlıq, humanitar böhran olsa, qaçqın dalğası yaransa, onlar əllərinda pasport sərhəddə növbəyə durmayacaqlar, bacardıqları yerdən Arazı keçməyə çalışacaqlar.
Eyni zamanda humanitar böhran yaransa, inşallah ki, olmaz, beynəlxalq hüquq və insanlıq adına qapını açmalıyıq. 1990-larda Ermənistanın Rusiyaya söykənən işğalçı müharibəsi zamanı Qarabağ və Şərqi Zəngəzurdan insanlar həyatlarını qorumaq üçün Araz çayına baş vurdular, İran tərəfi buna mane olmadı, insan karvanının keçməsinə şərait yaratdılar - məhz elə beynəlxalq hüquqa və insanlıq adına bu addımı atdılar. Deməli, bənzər şərait yaransa, eyni addımı biz də atmalı olacağıq.
Buna görə də, "İranda olanları görürsüz, sərhəd məhz ona görə bağlıdır və bu doğrudur", tezisi işlək və keçərli deyil.
Bu rəsmilərdən fərqli olaraq mən düşünürəm ki, Azərbaycan Dövləti güclüdür, açıq sərhəd rejimində öz təhlükəsizliyini qorumağa qadirdir...” /yenisabah.az/