Trampın Epşteyn haqqında soruşan müxbirə cavabı: "Səni heç vaxt gülən görmədim"


ABŞ prezidenti Donald Tramp CNN müxbiri Keytlan Kollinsi Ceffri Epşteynlə bağlı istintaq barədə israrla suallar verdiyinə görə sərt şəkildə danlayıb.

Turkustan.az xəbər verir ki, Tramp Oval Ofisdə keçirilən mətbuat konfransı zamanı Kollinsin suallarını yayındıraraq ona belə cavab verib:
“On ildir səni tanıyıram. Düşünmürəm ki, səni indiyə qədər gülümsəyən görmüş olum”.

Mətbuat konfransı zamanı Prezident Tramp özünün və Respublikaçı Partiyanın nailiyyətlərindən danışarkən, CNN müxbiri Keytlan Kollins Ceffri Epşteyn işi ilə bağlı suallar verməkdə israr edib. Tramp isə müxbirin suallarına sərt reaksiya göstərərək mövzudan yayınmağa çalışıb və Kollinsin kifayət qədər gülümsəmədiyini iddia edib.

Gərginlik Kollinsin Trampın Epşteynlə bağlı son sənədləri Demokratları günahlandıracaq şəkildə təqdim etdiyini xatırlatması ilə başlayıb. Sözügedən sənədlərdə Epşteynin Trampın iki müttəfiqi — Elon Mask və ABŞ-ın ticarət naziri Hovard Lutniklə yaxın əlaqələrinin yer aldığı bildirilib.

Tramp isə Kollinsin Mask və Lutniklə bağlı xatırlatmalarını cavabsız qoyaraq, özü ilə Epşteyn arasında hər hansı intim məzmunlu elektron yazışmaları oxumadığını deyib. O, 17 il dostluq etdiyi, yetkinlik yaşına çatmayan qızları hədəf alan fahişəlik şəbəkəsi idarə etməkdə ittiham olunaraq həbs olunan və daha sonra həbsxanada ölən milyarder Ceffri Epşteyn barədə belə danışıb:

“Düşünmürəm ki, burada problem var. Əks halda bu, çoxdan böyük xəbər başlıqlarına çevrilərdi”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ