Baş nazir: “Qarabağ hərəkatı davam edərsə, yeni müharibə qaçılmazdır”
Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə keçiriləcək parlament seçkilərinin mahiyyətcə Qarabağ məsələsi ilə bağlı strateji seçim olduğunu bildirib.

Turkustan.az Musavat.com-a istinadən xəbər verir ki, o, bu barədə “Facebook” səhifəsində yayımladığı videomüraciətdə danışıb və Ermənistan cəmiyyətini sülh və müharibə arasında seçim etməyə çağırıb.
Baş nazirin sözlərinə görə, 7 iyunda keçiriləcək parlament seçkilərində Ermənistan xalqı birbaşa qərar verməlidir: ölkə Qarabağ hərəkatını davam etdirəcək, yoxsa münaqişə siyasətindən imtina edərək sülh yolunu seçəcək.
Paşinyan çıxışında Ermənistanın ictimai mühitində tez-tez səslənən “Artsax Respublikası”, “Artsax məsələsi” kimi ifadələrin siyasi nəticələri olduğunu xüsusi vurğulayıb. Onun sözlərinə görə, bu terminlər sadəcə emosional və ya ideoloji ifadələr deyil, real siyasi nəticələrə gətirib çıxaran çağırışlardır.

Baş nazir bildirib ki, bu cür ifadələrin arxasında duran məna düzgün dərk edilməlidir.
“Biz bu sözlərin mürəkkəb məzmununu başa düşməliyik. Hər sözün dəyəri və nəticəsi var. Söz əslində əməl və ya əməl planıdır. Bu ifadələri işlədərkən onun növbəti addımının nə olduğunu anlamalıyıq”.
Paşinyan qeyd edib ki, istər kilsə tribunalarından, istər akademik dairələrdə, istərsə də ictimai debatlarda “Artsax” anlayışının səsləndirilməsi son nəticədə münaqişə riskini artırır.
“Bu ifadə səslənəndə – istər kilsə kürsüsündən, istər elmi və ya ictimai məntiqdən – onun bir gün münaqişəyə gətirib çıxarmayacağı variant yoxdur. Demirəm sabah və ya bazar ertəsi, amma bir gün bu, münaqişəyə səbəb olacaq”.

Ermənistan cəmiyyətində “sülh partiyası” və “müharibə partiyası”
Paşinyanın sözlərinə görə, hazırda Ermənistanın siyasi meydanında faktiki olaraq iki xətt formalaşıb – sülh tərəfdarları və müharibə tərəfdarları.
O bildirib ki, sülh tərəfdarları Qarabağ hərəkatının davam etdirilməsinin ölkəni yeni müharibəyə aparacağını hesab edir. Müharibə tərəfdarları isə bu hərəkatın davam etdirilməsini zəruri sayır.
Paşinyan iddia edib ki, Ermənistan Apostol Kilsəsinin rəhbəri Ktriç Nersisyan faktiki olaraq “müharibə partiyasının rəhbərliyini üzərinə götürüb”.

“Mən açıq şəkildə deyirəm ki, Ktriç Nersisyan müharibə partiyasının rəhbərliyini üzərinə götürüb”.
Baş nazir əlavə edib ki, Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarkisyan da bu siyasi məntiqə uyğun mövqe nümayiş etdirirlər.

“Qarabağ hərəkatı davam edərsə, bu müharibə deməkdir”
Paşinyan vurğulayıb ki, Ermənistan cəmiyyəti bu məsələ ilə bağlı aydın qərar verməlidir.
“Biz çox dəqiq seçim etməliyik: Qarabağ hərəkatını davam etdiririk, ya yox? Davam etdiririksə, bu yeni müharibə deməkdir. Başqa cür ola bilməz”.
O xatırladıb ki, 2020-ci ildən əvvəl də Ermənistan əslində müharibə vəziyyətində idi, sadəcə cəmiyyət uzun illər sülhlə müharibə arasındakı fərqi dərk etmirdi.
“2020-ci ildən əvvəl də müharibə var idi. Sadəcə sülh bizə o qədər yad idi ki, biz sülhlə müharibəni ayıra bilmirdik. İndi isə bunu ayırmağa başlayırıq”.

“Seçkilərdə xalq qərar verəcək”
Paşinyan bildirib ki, bu məsələnin taleyini siyasi elita deyil, Ermənistan xalqı müəyyən etməlidir.
Onun sözlərinə görə, qarşıdan gələn parlament seçkiləri məhz bu strateji qərarın verilməsi üçün platforma olacaq.
“Xalq qarşıdakı seçkilərlə deməlidir: Qarabağ hərəkatını davam etdirir, yoxsa yox”.
Baş nazir əlavə edib ki, Qarabağ hərəkatının davam etdirilməsini istəyən seçicilər müharibə tərəfdarı qüvvələrə səs verməlidirlər.
“Əgər Qarabağ hərəkatını davam etdirmək istəyirlərsə, Ktriç Nersisyanın piramidası altında olan qüvvələrə səs verməlidirlər”.
Paşinyan vurğulayıb ki, əgər seçicilər münaqişənin davam etməsini istəmirlərsə, o zaman “Mülki Müqavilə” partiyasını dəstəkləməlidirlər.
“Çünki Qarabağ hərəkatını davam etdirməmək lazım olduğunu deyən yeganə siyasi qüvvə ‘Mülki Müqavilə’ partiyasıdır”.

Konstitusiya və Müstəqillik Bəyannaməsi müzakirəsi
Baş nazir çıxışında Ermənistanın gələcək Konstitusiyası ilə bağlı mövqeyinə də toxunub. O bildirib ki, “Mülki Müqavilə” partiyası yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad edilməməsini təklif edir.
Paşinyan bunu belə əsaslandırıb:
“Bu sənəd əslində müstəqillik bəyannaməsi deyil, konflikt bəyannaməsidir”.
Onun sözlərinə görə, bu sənədin məntiqi Ermənistan dövlətinin əsaslandırılmasını Dağlıq Qarabağ və “Qərbi Ermənistan” ideologiyası ilə əlaqələndirir və bu da münaqişə siyasətini davam etdirir.
“Əgər biz bu yolla davam etsək, münaqişə qaçılmaz olacaq”.

Qarabağ ermənilərinin qayıdışı məsələsi
Paşinyan çıxışında Qarabağ ermənilərinin geri qayıdışı ilə bağlı müzakirələrə də toxunub.
O bildirib ki, bu mövzu gündəmə gələndə Azərbaycan tərəfi də öz növbəsində deportasiya edilmiş azərbaycanlıların qayıdış hüququndan danışır və bu da yeni siyasi gərginlik yaradır.

Paşinyan İncilə istinad etdi
Ermənistanın baş naziri çıxışında özünün əvvəlki mövqelərinə görə tənqid olunacağını bildiyini də qeyd edib.
O bildirib ki, keçmişdə Qarabağla bağlı fərqli fikirlər səsləndirməsi həmin dövrün siyasi reallıqları ilə bağlı idi.
Paşinyan çıxışında İncilə istinad edərək belə deyib:
“Sizin üçün zurna çalındı, amma siz oynamadınız; sizin üçün ağı oxundu, amma siz ağlamadınız”.
Baş nazir bildirib ki, bu sitatla Ermənistan cəmiyyətinin keçmişdə verilən siqnallara lazımi reaksiya vermədiyini nəzərdə tutur.

“Sülh güclənəcək, Ermənistan güclənəcək”
Paşinyan çıxışının sonunda Ermənistanın qarşısında duran əsas seçimin sülh və müharibə arasında olduğunu vurğulayıb.
“Əgər Qarabağ hərəkatını davam etdiririksə, bu müharibədir. Əgər davam etdirmiriksə, bu sülhdür”.
Onun sözlərinə görə, sülh yolu seçilərsə, Ermənistanın müstəqilliyi, suverenliyi və dövlətçiliyi daha da güclənəcək.
Paşinyan bildirib ki, o, bu siyasi kursa rəhbərlik edir və onu dəstəkləyənləri bu istiqamətdə birləşməyə çağırıb.
“Mən Ermənistanın baş naziri və ‘Mülki Müqavilə’ partiyasının rəhbəri kimi dəqiq deyirəm: biz Qarabağ hərəkatını davam etdirməməliyik. Kim bu mövqe ilə razıdırsa, mənim arxamca gəlsin”.