Yenilməz döyüşkənlik və haray soraqçısı



İŞIQLI ATALI

Azərbaycan zurna-balaban məktəbinin ustadı Kalvalı Əli Dədə - 150

II yazı

Azərbaycan balaban sənətinin özünəməxsusluğu bu gün də yaşamaqdadır. Minillərdən bəri xalq ruhumuz balabanda ciddi, davamlı, yaradıcı şəkildə yaşadılır. Ancaq bu baxımdan bir əsas qayğımız var: ayrıca olaraq son illərdə yeni balaban havaları demək olar, yaradılmır. Yaradılırsa da, yadda qalan olmur. “İnnabı”, “Heyvagülü”, “Alçagülü” və b. kimi havalar asan yadda qalır, heç zaman adiləşmir. Deməli, bugünkü yaradıcı nəsil də sadəcə, ifaçılıqla kifayətlənməməli, Azərbaycan aşıq sənətinə dərindən bələd olmalı, musiqi mədəniyyətimizin gözəl bilicisi olaraq yetişməlidirlər.

Başqa bir qayğımız isə “oranjiman” adı altında Azərbaycan balaban havalarının belə müəyyən mənada təhrifə uğradılmasıdır. Bu da yeni havacat yaratma istəklərini demək olar, adiləşdirir. Deməli, sabahımızda Azərbaycan balaban sənətinin ruhumuzun ciddi sorağı olmasını istəyiriksə, ilk növbədə balabançılarımız bunun ifaçısı, yaşadıcısı, həm də ciddi özül əsasında yaradıcısı olmalıdırlar.

Balaban Azərbaycanın qədim xalq musiqi alətidir. Xalq arasında balaban və ya "yastı balaban" adı ilə tanınır. Yumşaq və həzin səsə malik balabandan ansambl, orkestr və solo aləti kimi nəfəsli alətlər qrupunu, o cümlədən aşıqlar dəstəsini müşayiət etmək üçün istifadə edilir.

Balaban bir sıra ədəbi mənbələrdə, klassik şairlər tərəfindən vəsf edilib. XIX əsrdə yaşamış klassik Azərbaycan şairi Qətran Təbrizi divanının bir neçə yerində balabanın adını çəkib. Azərbaycanın dahi musiqişünası Ədbülqadir Marağayinin əsərlərində balabanın adına rast gəlinir. Bu cür mənbələr başqa heç bir xalqda yoxdur.

İndi də ustad Kalvalı Əli Dədənin havacatlarının mahiyyəti haqqında söz açacağıq. Ustadın məşhur havacatlarından biri “Heyvagülü”dür. Qalib Soltanoğlu “Kalvalı Əli Dədə” kitabında yazır: “Bahar yenicə gəlmişdi. Bütün bağça-bağlarda ağaclar çiçək açmışdı. Əli kişi bağda ağacların arasında dolanır, təbiətin bu qeyri-adi halına heyranlıqla tamaşa edirdi. Birdən onun gözünə heyva ağacının çəhrayı çiçəkləri dəydi. Ağacın üstündə bal arıları qaynaşırdı. Bu mənzərədən təsirlənən Əli kişi zümzümə etməyə başladı. Bir azdan otağına keçib qabaqca balabanda, sonra isə zurnada yeni havasını səsləndirməyə başladı. «Heyvagülü» havası beləcə yarandı”.

“Heyvagülü” yetkin ruhlu melodik əsərdir. Əlbəttə, havacatın adının heyga ağacının gülü ilə bağlı olması şərtidir. “Heyvagülü”nü həqiqətə yetən insanın harayı saymaq olar. Gerçəkdən insanın həqiqətə yetməsi çətindir. Musiqi ruhu bizə bu halı anladır. Əsər insanın həyata, dünyaya, təbiətə münasibətinin yetkin ifadəsidir ( Kalvalı Əli Dədə (1874-1960) HEYVAGÜLÜ rəqsi.wmv - YouTube ).

Ustadın ünlü havacatlarından biri də “Koroğlu nağarası”dır. Yenə burada əsərin adının niyə “Koroğlu nağarası” adlanmasını şərti saya bilərik. Əslində bu məntiqlə əsərin adı “Koroğlu harayı” olsaydı, daha mənalı səslənərdi. Nəzərə almaq gərəkdir ki, ustadın havacatlarının bir qismi adsız olub, ömrünün son illərində Azərbaycan radiosunda əsərləri lentə alınarkən müəyyən mənada dövrə uyğun adlarla qeyd olunub.

“Koroğlu nağarası” türk döyüşkənliyininin zurnada tam, bitkin ifadəsidir. Havacat türk ruhunun döyüş əzmini bütün çalarlarıyla ifadə edir. Qulaq asdıqca adama elə gəlir ki, bu döyüşün sonu yoxdur, ondan usanmaq, yorulmaq anlamı da yoxdur. Bu havada insan hər an ruhsal imkanlarının tükənməzliyini görür.

Q.Soltanoğlu: İndiki kimi yadımdadır, ustad bayram günlərində öz dəstəsi ilə kəndin mərkəzinə gələr “Koroğlu nağarası”nı çalardı. Kənd camaatı tez mərkəzə toplaşardı. Kəndin ondakı başbilənləri bayramla bağlı öz ürək sözlərini camaata çatdırardılar. Elə ki, seçki olardı, (ən çox məktəb binasında keçirilərdi seçkilər) ustad öz dəstəsi ilə camaatı “Koroğlu nağarası” ilə ruhlandırardı. Kənddə toy olanda qabaqca Əli Dədə dəstəsini döyüşə haylayan komandan kimi bir saata qədər öz həyətində çalardı. Kəndin pəhləvan gövdəli gəncləri, kişiləri girərdi ortalığa öz güclərini sınayardılar. “Koroğlu sayağı”, hava çalındığı meydan qızışardı, əzələlər gərilib şişərdi. Özünü ələ ala bilməyən güləşçi bəzən az qala bir qanıqaraçılıq da salmaq istərdi. Belədə ustad “Cığatayı”nın oynaq havası ilə rəqibləri barışığa çağırardı. Güləşçilər hiss etmədən mehribancasına oynayar, öpüşüb ayrılardılar. Bu, o demək idi ki, heç kəsin qəlbində inciklik qalmasın…

Kalvanın bütün toylarını Əli Dədə çalardı. Mağar ağzınacan dolardı. Əli Dədə Kalvada yox, harada toy çalsaydı, toya gələnlərə bir kişinin həyət-bacası bəs etməzdi. Ustad istər zurnada, istərsə də balabanda çalanda üzünün cizgilərinə çox fikir verirdim. Üzündəki sevinc duyğusu, gülərüzlülük, ağırlıq nəfəsi ilə can verdiyi, barmaqları ilə bərk-bərk sıxdığı zurnasının səsi ilə birləşərdi, əziyyət çəkmirdi. Ən qəmli havaları da elə bil qəm yarasına məlhəm olardı. İndinin özündə də ustadın musiqisini dinləyəndən sonra kimliyindən asılı olmayaraq “Yaşa, Əli Dədə!” sözləri qeyri-ixtiyari dodaqlardan qopur. Ölməzlik elə bu deməkdir.

Ustadın zurnada və balabanda ifa etdiyi havacatların hamısı yetkin yaradıcılıq örnəkləridir.

Balabanın yaradıcısı, ən yaxşı ifadə edəni türk ulusudur. Aşıq Əhməd Rüstəmov xatirələrində yazır ki, varlı bir adamın toyu idi. O toyda Şövkət Ələkbərova Karo adlı bir erməni ilə çalıb-oxuyurdu. Camaat Şövkətlə Karonun ifasından sonra az qala Əli kişini unutmuşdu. Axırda Əli Dədə bir “Koroğlu nağarası” çaldı ki, dəət... Erməni ustadın qarşısında diz çökdü dedi ki, sən zurna-balabanın allahısan, mənim klarnetim isə ancaq səs çıxarır, bağışla məni, Əli kişi, bir də sən olan toyda çalmayacağam.

1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündə Kalvalı Əli Dədə “Koroğlu nağarası”nı ifa edərkən SSRİ-nin bir nömrəli qəzeti sayılan “Pravda” qəzeti yazırdı: “Balabançının çaldığı muğamlar, xalq havaları hər kəsdə nəcib hisslər aşılayır. Onun bəmdə və zildə gəzişmələri ürəkləri titrədir…”.

Q.Soltanoğlu xatırlayır ki, 1960-cı ilin aprel ayında Şamaxıdakı parkda qara zurnanın sədaları altında rayonlararası güləş yarışı keçirilirdi. Çalğıçılar cavan idilər, Əli Dədənin çalğısına bələd olanlar onları heç bəyənməzdilər. Tələbə yoldaşım Əlağaya dedim ki, o kişini görürsən, məşhur zurnaçalandır. Əgər onun musiqisini eşitsən, özünü undarsan. Dostum buna inanmadı. İsrarla Əli Dədənin yanına gəldim və dedim:

- Əli Dədə, xoş gördük, necəsən? Baba, mən Kalvadanam, Soltanın oğluyam. Bu çalğıçılar yaxşı çalmırlar. Xahiş edirəm, bir “Koroğlu nağarası” çalasan.

-Ay bala, mən bu alətlərlə sən deyən havanı çala bilmərəm. Öz alətlərim də Kalvadadır.

- Əli Dədə, Ağasəf dayının alətləri ilə çalarsanmı?

- Bəlkə, bir təhər...

Ağasəf dayı da orada idi, tanışlarından birinə alətlər çantasını gətirtdi. Biz Əli Dədəni araya alıb yığnağa doğru gətirdik. Hamı onun gəlişini görüb sevinirdi. Ustad Əli alətlərini köklədi. Nəvələri Ağasəf dəm tutdu, Adil çöp nağarasında çaldı. İndi əsl üçlük alınmışdı. Əli Dədə hamını heyran edəcək havalar çaldı. Bəlkə də ustad “Koroğlu nağarası”nı ən kamil şəkildə həmin gün çaldı. Qıraqdakı adamlar onun qara zurnasının səsini eşitcək meydana toplaşdılar. Tələbə dostum Əliağanın heyrətdən əli-ayağı qurumuşdu. Mən onlarla adamın yaxınlaşıb Əli Dədənin barmaqlarını öpdüyünü gördüm.

Ustadın havaları içərisində “Dağçiçəyi” ayrıca seçilir ((122) Kalvalı Əli Dədə (1874-1960) DAĞ ÇİÇƏYİ rəqsi.wmv - YouTube). Ağır, ləngərli “Dağçiçəyi” sanki bizə ulusun başına gələnlərdən danışır. Ulusun yaşamında fərəhli günlərlə yanaşı kədərli günlər də olur. Ancaq çətinlik ulusu qətiyyən yıxa bilmir. Əslində havacatın ruhundakı kədər bizə çox doğmadır. Musiqinin mayasındakı, ruhundakı ümid bizə sarsıntıları aşmağa, yenilməzliyə yetməyə çağırır.

Yaşılılar danışırlar ki, toylarda insanlar Əli Dədənin ayrıca olaraq ləngərli hacacatlarına, o sıradan da “Dağ çiçəyi”nə ailəliklə oynayarmışlar. Hətta psixoloji problemləri olanlar bu havacatları dinləyərkən özünə gələr, ruhlanarmışlar. Əsil musiqi insanı həyatı ötməyə, varlığını təsdiq etməyə, ruhuna yetməyə çağırır.

“Qəhrəmani” qıvraq havadır (Kalvalı Əli Dədə (1874-1960) QƏHRƏMANİ rəqsi.wmv - YouTube). Türkün ruhunun sınırsızlığı, yenilməzliyi, fərəhə yetib də onu haray ölçüsündə ifadəsi havacatda yetkin biçimdə ifadə olunub. Havacat ulusu arxayınlaşmamağa, ardıcıl olaraq halını qorumağa kökləyir. Haray ruhlu musiqi örnəyində bitməz bir ümid var...

“Ağırlama” ağır templi havacatdır. Sanki dünyagörmüş bir insan asta-asta, səbirlə başına gələnləri danışır. Ancaq ulusal özünüifadənin yetkin örnəyi olan bu musiqidə qətiyyən ümidsizlik, halsızlıq yoxdur.

“Azərbaycan” rəqsi möhtəşəm harayla başlayır, döyüşkənlik ruhuyla davam edir. Azərbaycan ölkəsinin ruhsal zənginliyi bütün gözəlliyi ilə ifadə olunur. (Kalvalı Əli Dədə (1874-1960) AZƏRBAYCAN RƏQSİ.wmv - YouTube)

“Türk” rəqsində türk ulusunun musiqi dilində yenilməzliyi, tarix boyunca yaşadıqlarının fərəhli, yeni yaşam aşamalarına doğru can atmalı olduğunun ifadəsi var (Kalvalı Əli Dədə (1874-1960) TÜRK rəqsi.wmv - YouTube).

Kalvalı Əli Dədənin bəstələri ümumən Türk ulusunun zurna-balaban sənətində musiqinin diliylə yetkin özünüifadəsi sayıla bilər. Bu bənzəsiz irsin təkcə Azərbaycanda deyil, Türk Dünyasında öyrənilməsi, araşdırılması, özümləşdirilməsi, yəni ömürləşməsi gərəkdir. Qədimlik özüllü bu cür mənəvi-ruhsal irslərə ümumən Türk ulusunun yiyə durması sabahımızda yaşamın bütün sahələrində yenilməz olmağımız üçün gözəl imkanlardan biridir.

Son


MANŞET XƏBƏRLƏRİ