Türkiyə İsraillə münasibətlərin normallaşması üçün şərtlərini açıqladı


Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşması Fələstin probleminin iki dövlət prinsipi əsasında həllindən və Qəzza zolağındakı humanitar böhranın aradan qaldırılmasından asılıdır.

Turkustan.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində bildirib.

Fidan xatırladıb ki, Türkiyə ilə İsrail arasında diplomatik münasibətlər 1949-cu ildə qurulub və Qəzza böhranına qədər iki ölkə arasında illik ticarət dövriyyəsi 10 milyard ABŞ dollarına çatırdı.

Nazirin sözlərinə görə, “İsrail fələstinlilərin öldürülməsini dayandırmalı və Qəzza sakinlərinin ərzaq, sığınacaq, dərman və su kimi əsas ehtiyac vasitələrinə çıxışına mane olmamalıdır. Əgər bu şərtlər yerinə yetirilərsə, normal həyata və İsraillə əməkdaşlığa qayıda bilərik. Bununla bağlı heç bir problem olmayacaq. Biz iki dövlətli həllə nail olmaq istəyirik”, – deyə Fidan vurğulayıb.

Qeyd edək ki, Türkiyə 2024-cü ilin mayından etibarən İsraillə bütün ticarət əlaqələrini dayandırıb./t


MANŞET XƏBƏRLƏRİ