Kılıçdaroğlu CHP qərargahına geri döndü, partiyada daşı-daş üstündə qoymadı - FOTO


Ankarada keçirilən bayramlaşma proqramı CHP-də yeni siyasi müzakirələrin başlanmasına səbəb olub.

Turkustan.az xəbər verir ki, CHP sədri Kamal Kılıçdaroğlu bu gün uzun fasilədən sonra partiyanın Ankara qərargahına gəlib, “Xalqla Bayramlaşma” proqramında çıxış edib.

Türkiyə siyasətinin gündəmini dəyişən çıxışda Kılıçdaroğlu həm partiya daxilindəki proseslərə, həm də son dövrlərdə CHP ətrafında yaranan mübahisələrə toxunub.

Kılıçdaroğlu bildirib ki, CHP-də “təmizlənmə və yenidən qurulma” dövrü başlayır. O, partiya daxilində korrupsiya iddiaları ilə bağlı sərt mesajlar verərək, yaxın vaxtlarda tam şəffaf qurultay keçiriləcəyini açıqlayıb.

Çıxışın ən diqqət çəkən hissələrindən biri FETO ilə bağlı açıqlamalar olub. Kılıçdaroğlu partiya daxilinə sızdığını iddia etdiyi şəxslərə işarə edərək, vaxtında bunları görə bilmədiyini bildirib.

Onun sözlərinə görə, “FETO agentlərini zamanında fərq edə bilmədim”. Kılıçdaroğlu bu məsələdə siyasi məsuliyyət daşıdığını vurğulayaraq partiya üzvlərindən üzr istəyib.

CHP sədri bəzi bələdiyyə başçıları ilə bağlı da sərt ittihamlar səsləndirib. O, korrupsiyaya bulaşdığı iddia olunan şəxslərin partiyada yerinin olmayacağını bildirib və “korrupsiyaya bulaşan bələdiyyə başçılarını partiyadan uzaqlaşdıra bilmədiyim üçün üzr istəyirəm” deyib.

Kılıçdaroğlu əlavə edib ki, günahsız bələdiyyə rəhbərlərinin hüquqlarını müdafiə edəcəklər, lakin korrupsiya ilə əlaqəsi olanlara güzəşt edilməyəcək.

O, çıxışında CHP-nin son illərdə müxtəlif qrupların təsiri altına düşdüyünü iddia edərək, “Partiyamızı əyləncə məclislərinin söhbət mövzusuna çevirdilər” ifadəsi ilə daxildəki bəzi çevrələri hədəf alıb.

Kılıçdaroğlu bildirib ki, CHP-nin qurucu dəyərlərinə qayıdış prosesi başlayır və partiya “haram pullardan, korrupsiya şəbəkələrindən və qaranlıq təsirlərdən” təmizlənəcək.

Qərargah qarşısında toplaşan tərəfdarlar Kılıçdaroğlunu şüarlar və çiçəklərlə qarşılayıblar. Tədbir zamanı “İndi təmizlənmə zamanıdır” və “Türkiyə üçün tərtəmiz başlanğıc” şüarları ön plana çıxıb./Musavat.com


MANŞET XƏBƏRLƏRİ