Azərbaycan-İran münasibətləri: Bakıda açılan yeni səhifə


Kamal Adıgözəlov

Son illər Azərbaycan diplomatiyasının uğurları davamlı xarakter alıb. Hətta İran kimi bizə "çətin görünən" bir ölkə ilə diplomatiyamızda müsbət nəticələr əldə edilib. Bu məqam İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri fonunda aydın görünməkdədir. Ekspertlər bu səfərin yekunlarını təhlil etməkdədirlər. Biz tərəflər arasında müsbət istiqamətdə münasibətlərin formalaşmasını geosiyasi kontekstdə təhlil etməyə ehtiyac görürük.

İran mövzusu: həssas məqamlar işığında

Azərbaycan üçün İran mövzusu həmişə ən həssas məsələlərdən olub. Tarixən bir dövlətdə mövcud olmuş türklər və farslar son 200 ildə ziddiyyətli münasibətlər burulğanına düşüblər. Arazın o tayında olanlar Azərbaycanın bir hissəsinin "Ana Vətən"dən ayrılması barədə danışır və bunun fonunda Şimali Azərbaycanı hətta qınayırlar da! Guya bunun günahkarı bizik. Lakin onların bir bütöv Azərbaycan həsrəti də daim olub və indi də vardır.

Arazın bu tayında olanlar isə 1989-cu il dekabrın 31-də arada olan tikanlı məftilləri sökərək "Vətən bölünməz" mesajını dünyaya verdilər. Lakin bu kimi həsrətli düşüncələrə və istəklərə baxmayaraq, Azərbaycanın şimal hissəsinin müstəqilliyini əldə etməsinə Tehranın siyasi rejimi heç şad olmadı. Sözdə bir şeydən danışır, əməldə isə Azərbaycanı dövlət kimi qəbul etməyən, yuxarıdan aşağı baxan və özünü güclü obrazında çox təntənəli təqdim edən bir İran vardı. Buna rəğmən, həmin İran həm ermənilərə, həm də təbii olaraq azərbaycanlılara "qardaş" deyirdi. Reallıqda isə ermənilər azərbaycanlılara qarşı qəvi düşmən kimi hərəkət etməkdədirlər.

Bütün bunlar 1991-ci ildən başlayaraq Azərbaycan-İran münasibətlərinə mürəkkəb və ziddiyyətli xarakter gətirdi. Ulu Öndər Heydər Əliyevin səbirli, incə və əməkdaşlığa istiqamətlənmiş siyasəti müəyyən dərəcədə Tehranı sakitləşdirdi. İki ölkə arasında əməkdaşlıq da formalaşdı. Hətta gediş-gəliş intensivləşdi.

No description available.

Lakin mahiyyətcə aydın idi ki, Tehran müstəqil Azərbaycanın müstəqil siyasətini həzm edə bilmir. Bu, İkinci Qarabağ müharibəsi dönəmində və ondan Azərbaycanın qalib çıxması fonunda özünü daha aydın göstərməyə başladı. Bizim Vətən müharibəsinin gedişində İranda müəyyən dairələrin təxribatlarının olduğu haqqında kifayət qədər informasiyalarımız vardır. Tehran Ermənistanı qorumağa çalışdı, lakin gücü yetmədi.

Müharibədən sonra isə müxtəlif yollarla Ermənistana yardımlar etməyə cəhdlər göstərdi. Azərbaycan onun da qarşısını aldı. Bundan sonra İran Azərbaycana hədə-qorxu gəlməyə başladı. Hərbi təlimlərdə İran əsgərləri canfəşanlıq göstərdilər. Bunun da cavabını Azərbaycan Ordusu təlimləri ilə İran sərhədi yaxınlığında verdi.

Bunların fonunda Tehranın Azərbaycana qarşı müxtəlif təxribatları səngiməyə başladı. Onun birinci şərti Azərbaycanın dövlət kimi daha da güclənməsi ilə bağlıdır. İkinci şərti rəsmi Bakının İranla əlaqələri son dərəcə təmkinli və pozitiv fonda qurmaq xəttini davam etdirməsidir. Üçüncü şərt Azərbaycanın Qarabağ müharibəsindəki möhtəşəm qələbəsi və ərazi bütövlüyünü tam bərpa etməsi, suverenliyi isə tam təmin etməsidir. Dördüncü şərt isə dünyanın böyük güclərinin getdikcə Azərbaycanı daha geniş dəstəkləməsi və Türk Dövlətləri Təşkilatının (TDT) yaradılması ilə bağlıdır.

Pezeşkian mərhələsi

Biz İranın Prezidentinin türk olmasını nəzərdə tutmuruq. İndiki tarixi dönəmdə etnik mənsubluq böyük dövlətlər üçün elə bir ciddi rol oynamır. Ancaq M.Pezeşkianın İranda islahatçılar qanadına aid olması və xarici siyasətdə müəyyən dəyişikliklərə can atması ciddi məqamdır. Bunun fonunda onun tez-tez Azərbaycan dilində danışması və şeirlər söyləməsi özünü azərbaycanlılara yaxın göstərməkdən başqa bir şey deyildir. Yəni, bu davranış İranın xarici siyasətini, o cümlədən Azərbaycan siyasətini mahiyyətcə dəyişmir.

Buna görə də Pezeşkian mərhələsində münasibətlərdə əsas olaraq Azərbaycanın getdikcə daha da güclənməsi və qonşulara qarşı səmimi siyasət yeritməsi başlıca təsiredici rol oynayır. Biz məsələnin bu tərəfinə İran Prezidentinin Azərbaycan səfəri kontekstində baxacağıq. Bu məqam iki dövlət arasında imzalanan sənədlərin siyasi və hüquqi məzmunu fonunda çox maraqlı təsir bağışlayır.

Siyasi etiraf

M.Pezeşkianın Bakıda imzaladığı sənədlərin mahiyyəti və məzmunu göstərir ki, rəsmi Tehranın Azərbaycanın müstəqilliyinə münasibətində şıltaqlıq mərhələsi artıq arxada qalıb. Sənədlərə diqqət edək: "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İran İslam Respublikasının Xarici İşlər Nazirliyi arasında 2025-2027-ci illər üçün Siyasi Məsləhətləşmələr Proqramı"; "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə İran İslam Respublikasının Yol və Şəhərsalma Nazirliyi arasında 2025-2026-cı illər üçün nəqliyyat sahəsində hərtərəfli əməkdaşlıq haqqında Anlaşma Memorandumu"; "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə İran İslam Respublikasının Yol və Şəhərsalma Nazirliyi arasında "Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya"nın (əlavələrlə) I/10-cu qaydasına əsasən sertifikatların qarşılıqlı tanınmasına dair Anlaşma Memorandumu"; "Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi arasında 2025-2028-ci illər üzrə Mədəni Mübadilə Proqramı" və "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi arasında media əməkdaşlığı haqqında Anlaşma Memorandumu". Bunlar kifayət qədər ciddi siyasi-hüquqi sənədlərdir və İran tərəfi göstərdi ki, Azərbaycan Respublikasının müstəqilliyini həqiqətən tanıyır.

No description available.

Azərbaycan Prezidentinin növbəti diplomatik uğuru

Azərbaycan Prezidenti mətbuata verdiyi bəyanatda vurğulayıb ki, "Bu gün apardığımız danışıqlar və fikir mübadiləsi əsnasında bir çox önəmli məsələlər haqqında söhbət etdik, fikirlərimizi bildirdik, Azərbaycan-İran strateji münasibətlərini bir daha təsdiqlədik. Biz bütün məsələlərə səmimi şərait əsnasında öz fikirlərimizi bildirmişik. Əsas məsələ ondan ibarətdir ki, hər iki tərəf Azərbaycan-İran əlaqələrinin inkişafına çalışmalıdır və çalışır". Bu fikirlər Azərbaycan tərəfinin həmişə İrana strateji əməkdaşlıq prizmasından yanaşdığını əks etdirir. Bunu rəsmi Tehran anlayıb qəbul etmişsə, bu, birbaşa Prezident İlham Əliyevin siyasi-diplomatik uğurudur.

Azərbaycan Prezidenti əməkdaşlığın əsas istiqamətlərini də göstərib. Buraya beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləmək, geniş gündəlik əsasında fəaliyyət göstərmək, regional təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq, eyni zamanda, çoxtərəfli əsasda əməkdaşlıq, üçtərəfli əməkdaşlıq layihələrində iştirak, humanitar sahədə, mədəniyyət sahəsində ənənəvi dostluq əlaqələrinin davam etdirilməsi daxildir.

Münasibətlərin perspektivlərinə inam

Prezident İlham Əliyev İran dövlət başçısı ilə müzakirələrin bundan sonrakı mərhələlərdə də qarşılıqlı faydalılıq prinsipi üzrə davam etdiriləcəyinə inam ifadə edib. Prezident İlham Əliyev deyib: "Mən heç şübhə etmirəm ki, bu səfər bizim münasibətlərimizin inkişafında çox önəmli rol oynayacaq".

Bu cür qiymətləndirmənin iki aspekti vardır. Birincisi, rəsmi Bakı bundan sonra da beynəlxalq hüquq normaları çərçivəsində qonşu dövlətlə münasibətlərinin inkişaf etdirilməsinə çalışacaq. İkincisi, "xalqlarımızın tarixi ortaqdır, mədəniyyətimiz də ortaqdır. Biz əsrlər boyu bir məkanda yaşamışıq, bir dövlət çərçivəsində yaşamışıq. Yəni, qohumluq əlaqələri də çox genişdir. Bu gün iki müstəqil dövlət kimi biz bölgəmizdə önəmli rol oynayırıq. Bölgə məsələlərinin bölgə ölkələri tərəfindən həll olunması da hər iki tərəfin fikridir və siyasətidir".

Bununla Azərbaycanın dövlət başçısı iki ölkə arasında münasibətlərin mahiyyəti ilə əlaqədar iki mühüm mesaj verib. Biri tarixi aspektlə bağlıdır, yəni, iki ölkənin xalqları faktiki olaraq qohumdurlar, uzun müddət bir dövlət çərçivəsində yaşayıblar. Digəri isə müasir mərhələnin reallıqları ilə əlaqəlidir – Azərbaycan və İran iki müstəqil dövlət kimi, qarşılıqlı hörmət əsasında münasibətləri inkişaf etdirə bilərlər.

Bu mövqe müstəqil Azərbaycanın xarici siyasətinin mahiyyətinə və məzmununa tamamilə uyğundur. Azərbaycan rəhbərliyi hər bir dövlətlə milli maraqlar əsasında əməkdaşlıq qurmaq xəttini inamla davam etdirir! Bu baxımdan dərindən düşünəndə rəsmi Tehran etibarlı bir tərəfdaş qazanmış olur! Biz də İranın timsalında eyni şeyi düşünə bilərikmi?


MANŞET XƏBƏRLƏRİ