“Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT-lərinin həmrəylik forumu bir neçə istiqamət üzrə mühüm strateji, ictimai və institusional əhəmiyyət kəsb edir. Forum müxtəlif ölkələrdən olan vətəndaş cəmiyyətlərini bir araya gətirərək dövlətlərarası münasibətlərə vətəndaş cəmiyyətinin, ictimai sektorun dayağı rolunu oynayır”.
Bu fikirləri Turkustan.az-a “Təhsilə Dəstək və Maarifləndirmə” ictimai birliyinin sədri Süleyman İsmayılbəyli səsləndirib. İctimai birlik sədri deyib ki, Azərbaycan son illərdə Türk coğrafiyasında bütün parametrlər kimi vətəndaş cəmiyyəti sahəsində də təşəbbüskarlığı ələ alıb, prosesin lokomotivi rolunu oynamağa başlayıb:
“Bu sırada Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyəti xüsusi qeyd edilməlidir. Bir müddət əvvəl Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin Agentliyin təşkilatçılığı ilə Özbəkistana səfər etməsi, bunun ardınca Qazaxıstan qeyri-hökumət təşkilatları ilə birgə tədbirin keçirilməsi həmrəylik forumuna doğru atılan uğurlu addımların tərkib hissəsi idi:
“Bildiyiniz kimi, noyabrın 24-də Bakıda forum işinə başlayacaq. Toplantıda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasından 300-ə yaxın QHT təmsilçisi iştirak edəcək. Forum Bakıdan sonra öz işini Naxçıvan Muxtar Respublikasında davam etdirəcək. Naxçıvan şəhərində Türk Dövlətləri Təşkilatına Üzv Dövlətlərin QHT-lərinin Platformasının təsis olunması da gözlənilir. Bu Platformada 8 ölkədən QHT-lər birləşəcək. Göründüyü kimi, Forum kifayət qədər məhsuldar, gələcəkdə müxtəlif sahələri əhatə edən birgə əməkdaşlıq imkanları baxımından kifayət qədər əhəmiyyətli olacaq. Ən əsası forum yeni tərəfdaşlıqlar yaradılmasına, birgə layihələr, qrant proqramları, təcrübə mübadilələrinin həyata keçirilməsinə zəmin yaratmış olacaq. Bu, QHT-lərin institusional güclənməsinə və daha dayanıqlı əməkdaşlıq mexanizmlərinə gətirib çıxaracaq”.
Süleyman İsmayılbəyli onu da diqqətə çatdırıb ki, Türk dövlətləri arasında ortaq kimlik və dəyərlərin qorunması üçün gənclər QHT-lərinin iştirakı xüsusi əhəmiyyət daşıyır və Forum bu istiqamətdə təşkilatların daha aktiv rol almasına təkan verə bilər:
“QHT-lərin birgə fəaliyyətləri informasiya mübadiləsini də artırmış olur. Əgər son illərin statistikasına nəzər yetirsək görərik ki, Azərbaycanın çoxsaylı QHT rəhbərinin müxtəlif mövzularla bağlı məqalələri Türk Dövlətləri Təşkilatına üzv ölkələrin media resurslarında işıq üzü görüb. Bu da öz növbəsində həm informasiya sahəsində qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirir, həm də türk ölkələrinin media-ictimai sektor əlaqələrini genişləndirir”.