Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb.
Turkustan.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.
Hadisənin digər detalları, o cümlədən mərminin növü və buraxılışın məqsədi açıqlanmayıb.
Məlum olan yalnız Cənubi Koreya hərbçilərinin mərmi buraxılışını qeydə almasıdır.
Qeyd edək ki, bu ilin avqustunda Şimali Koreyadan bir qrup hərbçinin quru sərhədini pozmasından sonra Cənubi Koreya hərbçiləri xəbərdarlıq atəşi açmağa məcbur olmuşdu. Bildirilir ki, Cənubi Koreya sərhədçiləri əvvəlcə səsgücləndiricilər vasitəsilə sərhədi pozan hərbçilərə xəbərdarlıq edib, daha sonra bir neçə xəbərdarlıq atəşi açıblar. Bundan sonra Şimali Koreya hərbçiləri öz ərazilərinə geri çəkiliblər.
“Yonhap”ın məlumatına görə, bu, 2026-cı ildə Cənubi Koreya hərbçilərinin Şimali Koreya əsgərlərinin sərhədi keçməsinə cavab olaraq ilk dəfə xəbərdarlıq atəşi açması olub. Ehtimal edilir ki, Şimali Koreyadan olan hərbçilər ərazidə patrul xidməti həyata keçirərkən sərhədi keçiblər. Onların geri qayıtmasından sonra hər hansı şübhəli fəaliyyət qeydə alınmayıb.
Cənubi Koreyanın məlumatına görə, 2025-ci ildə Şimali Koreya hərbçiləri 17 dəfə sərhədi pozublar.
Xatırladaq ki, daha əvvəl Kim Çen Inın bacısı Cənubi Koreyanı “dəhşətli fəlakət”lə hədələmişdi./Globalinfo.az