G7 ölkələrinin xarici işlər nazirləri qabaqcıl süni intellekt texnologiyalarının zərərli qüvvələr tərəfindən kiberhücumlar və cinayətkar fəaliyyətlər üçün istifadə oluna biləcəyi barədə xəbərdarlıq ediblər.
Turkustan.az xəbər verir ki, noyabrın 9-10-da Fransanın paytaxtı Parisdə keçirilən G7 Xarici İşlər Nazirlərinin görüşünün yekunlarına dair birgə bəyanat yayımlanıb.
Bəyanatda yeni süni intellekt texnologiyalarının müəyyən sosial və iqtisadi risklər yaratdığı qeyd olunub. Nazirlər bu sahədə təhlükəsiz idarəetmənin vacibliyini vurğulayıblar.
G7 ölkələrinin xarici işlər nazirləri və Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaja Kallasın iştirak etdiyi görüşdə geniş spektrli beynəlxalq məsələlər müzakirə olunub.
Müzakirələrin gündəliyində Ukrayna, Yaxın Şərq, Hind-Sakit okean regionu, Sudan, Afrika Buynuzu, Haiti, Kuba və Venesueladakı vəziyyət, BMT-nin islahatı, humanitar yardımın effektivliyi, ərzaq təhlükəsizliyi və məcburi köçkünlük məsələləri yer alıb.
Bununla yanaşı, zərərli hibrid əməliyyatlar, transmilli mütəşəkkil cinayətkarlıq, dəniz və liman təhlükəsizliyi, mühüm peyk infrastrukturunun dayanıqlılığı, qabaqcıl süni intellekt modelləri, iqtisadi təhlükəsizlik və kritik minerallar da müzakirə edilib.
Aytən Yaşar/Turkustan.az