Lavrov NATO-ya Əfqanıstanla bağlı sərt xəbərdarlıq etdi


Rusiyanın xarici işlər naziri Sergey Lavrov NATO-nun hərbi infrastrukturunun Əfqanıstanda və bu ölkənin qonşu dövlətlərində yerləşdirilməsini “tamamilə qəbuledilməz” adlandırıb.

Turkustan.az xəbər verir ki, Lavrov Moskvada keçirilən Əfqanıstan üzrə 8-ci Moskva məsləhətləşmələrində çıxış edib.

Nazir Moskva Məsləhətləşmələri mexanizminin 2016-cı ildən fəaliyyət göstərdiyini və platformanın Əfqanıstanda və regionda mövcud problemlərin Kabil hökuməti ilə birlikdə müzakirəsinə imkan yaratdığını bildirib.

Lavrov Əfqanıstanda 20 illik Qərb hərbi mövcudluğunun başa çatmasından beş il keçdiyini qeyd edib. O, ABŞ və NATO müttəfiqlərinin ölkədən çıxmağa məcbur olduğunu vurğulayıb.

“Taliban hərəkatının rəhbərliyi ilə hakimiyyətə gələn milli hökumət ölkə ərazisinə nəzarəti ələ keçirib və etiraf etmək lazımdır ki, ölkəni kifayət qədər uğurla idarə edir”, – deyə, Lavrov bildirib.

Nazirin sözlərinə görə, Əfqanıstanın təhlükəsizlik qüvvələri İŞİD və digər terror təşkilatlarına qarşı mübarizə aparır. O bildirib ki, bu mübarizə çərçivəsində yüzlərlə silahlı zərərsizləşdirilib, həmçinin xarici vətəndaşlara və diplomatik nümayəndəliklərə qarşı bəzi terror hücumlarının qarşısı alınıb.

Lavrov Kabilin terrorizmlə mübarizə imkanlarının gücləndirilməsinin ortaq maraqlara cavab verdiyini vurğulayıb. O, bu istiqamətdə maddi-texniki və ekspert dəstəyinin göstərilməsinin, eləcə də kəşfiyyat və təhlükəsizlik orqanları arasında əlaqələrin qorunmasının vacibliyini qeyd edib.

Aytən Yaşar / Turkustan.az


MANŞET XƏBƏRLƏRİ