Yəməndə Husi hərəkatının lideri Əbdül Malik əl-Hutinin 28 yaşlı oğlu Cibril Əbdül Malik əl-Hutini öz varisi kimi hazırladığı iddia edilir.
Turkustan.az xəbər verir ki, Yəmən mənbələrinin iddiasına görə, hərəkat daxilində gələcək rəhbərlik uğrunda ciddi hakimiyyət mübarizəsi gedir. Mənbələr bildirir ki, Əbdül Malik əl-Huti öldürüldüyü və ya fəaliyyətini davam etdirə bilmədiyi təqdirdə oğlunun onun yerinə keçməsi üçün hazırlıq görülür.
İddialara əsasən, Cibril İranda hərbi və təhlükəsizlik təlimləri keçib. Bu prosesin İran tərəfindən gizli şəkildə dəstəkləndiyi də irəli sürülür. Lakin bu məlumatlarla bağlı müstəqil təsdiq yoxdur.
Anonim danışan, Husi hərəkatının qərar qəbuletmə mexanizmlərinə yaxın olduğu bildirilən Yəmən mənbələri qeyd edir ki, “ailə varisliyi” planı təşkilat daxilində birmənalı qarşılanmayıb. Hərəkatın bəzi yüksək vəzifəli şəxslərinin və Husi ailəsinin nüfuzlu üzvlərinin bu plana qarşı çıxdığı, etiraz edən bəzi şəxslərin isə kənarlaşdırıldığı iddia olunur.
Bu məlumatlar təsdiqlənərsə, Əbdül Malik əl-Hutinin mümkün varislik planı Husilərin daxili strukturunda ciddi dəyişikliklərə və hakimiyyət uğrunda yeni qarşıdurmalara yol aça bilər.
Aytən Yaşar/ Turkustan.az