Daşnaqsütyun erməniləri üsyana çağırdı: II Qaragenin ətrafında birləşin!


Ermənistanda hakimiyyətlə Erməni Apostol Kilsəsi arasında qarşıdurma daha da dərinləşir. Radikal millətçi Daşnaksütyun Partiyasının Bürosu bütün ermənilərin katolikosu II Qareginə qarşı başladılan məhkəmə prosesini kəskin pisləyərək xalqı kilsənin ətrafında birləşməyə çağırıb.

Turkustan.az xəbər verir ki, partiyanın bəyanatında hakimiyyətin Erməni Apostol Kilsəsinə qarşı həyata keçirdiyi siyasətin "erməni xalqı tarixində görünməmiş rüsvayçılıq" olduğu iddia edilib.

Daşnaksütyun bildirib ki, II Qaregin və yüksək rütbəli din xadimlərinə qarşı cinayət işi siyasi motivlidir və bununla ölkədə dövlət-kilsə münasibətlərinin konstitusion prinsipləri pozulur. Bəyanatda vurğulanıb ki, kilsə əsrlər boyu erməni xalqının milli, mənəvi və mədəni kimliyinin əsas dayağı olub, ona qarşı atılan addımlar isə cəmiyyətdə parçalanmanı daha da dərinləşdirir.

Partiya məhkəmə-hüquq sistemini siyasi təzyiqlərə boyun əyməməyə çağıraraq, yeparxiyaların idarə olunması və kilsədaxili məsələlərin yalnız Erməni Apostol Kilsəsinin səlahiyyətinə aid olduğunu bəyan edib.

Qeyd edək ki, bu gün Eçmiədzində II Qaregin və daha altı yepiskop barəsində açılmış cinayət işi üzrə ilk məhkəmə iclası keçiriləcək. Katolikosun prosesdə şəxsən iştirak edəcəyi bildirilir.

Xatırladaq ki, Ermənistan İstintaq Komitəsi II Qareginin yepiskop Gevorq Saroyanı rütbədən məhrum etməsindən sonra cinayət işi açıb. Saroyan hakimiyyətin Erməni Apostol Kilsəsi ilə qarşıdurmasında hökuməti dəstəkləyən din xadimlərindən biri kimi tanınır. İstintaq II Qaregin və Ali Ruhani Şuranın daha altı üzvünü məhkəmə qərarının icrasına mane olmaq və onun yerinə yetirilməməsinə sövq etməkdə ittiham edir./publika.az


MANŞET XƏBƏRLƏRİ