Son həftələr ABŞ ilə İran arasında artan gərginliyə baxmayaraq, diplomatik təmaslar davam edir.
Turkustan.az xəbər verir ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts bildirib ki, Prezident Donald Tramp İranla danışıqlar üçün "müəyyən imkan yaradıb" və son günlər Oman vasitəsilə, eləcə də birbaşa müxtəlif səviyyələrdə təmaslar davam etdirilib.
Məlumata görə, ABŞ İrana qarşı 13 gün davam edən hava hücumlarını son iki gündə dayandırıb. Bildirilir ki, Tehran da analoji addım atıb. Bu inkişaf tərəfləri son hücumlar nəticəsində dayanmış atəşkəs danışıqlarına yenidən qaytarmaq istiqamətində aparılan diplomatik səylər fonunda baş verir.
ABŞ-ın İranın sahil bölgələri və infrastrukturunu hədəf alan təxminən iki həftəlik əməliyyatları niyə dayandırdığı isə hələlik açıqlanmayıb.
Fox News-a danışan Mayk Uolts deyib ki, Donald Tramp diplomatik həll üçün müəyyən manevr imkanları saxlayıb.
"Prezident danışıqlar üçün müəyyən yer ayırıb. Son bir neçə həftədə, xüsusilə də son günlər Oman, İran və digər tərəfdaşlarla ən yüksək siyasi səviyyədən texniki səviyyəyədək intensiv təmaslarımız olub", – deyə Uolts bildirib.
Uolts həmçinin ABŞ-ın İran hücumlarından müdafiədə istifadə etdiyi raket əleyhinə sistemlərin ehtiyatının tükənməsi ilə bağlı iddiaları təkzib edib. Bununla belə, hərbi ekspertlər hesab edirlər ki, həm ABŞ, həm də İranın uzunmüddətli qarşıdurmanı eyni intensivlikdə davam etdirmək imkanları ilə bağlı ciddi suallar qalmaqdadır.
Aytən Yaşar/ Turkustan.az