Rumıniya hava məkanını qanunsuz şəkildə pozan daha bir pilotsuz uçuş aparatı (PUA) Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcıları tərəfindən zərərsizləşdirilib.
Turkustan.az xəbər verir ki, Rumıniya Müdafiə Nazirliyinin yaydığı yazılı açıqlamaya görə, radar müşahidə sistemləri yerli vaxtla saat 08:22-də Ukrayna ilə sərhəd bölgəsində ölkənin hava məkanına daxil olan icazəsiz PUA-nı aşkar edib.
Bildirilib ki, NATO-nun Hava Polisi missiyası çərçivəsində döyüş hazırlığında olan Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus iki F-16 qırıcısı dərhal havaya qalxaraq hədəfi müəyyən edib və standart identifikasiya və zərərsizləşdirmə prosedurlarını icra edib.
Nazirliyin məlumatına görə, pilotsuz uçuş aparatı sərhəd yaxınlığındakı yaşayış olmayan ərazidə təhlükəsiz şəkildə vurulub.
Açıqlamada qeyd olunub ki, hadisə yerinə müvafiq qruplar göndərilib və araşdırma aparılır. Rumıniya hava məkanındakı vəziyyətin fasiləsiz izlənildiyi, NATO müttəfiqləri ilə sıx koordinasiyanın davam etdiyi və yeni məlumatlar əldə olunduqca ictimaiyyətə açıqlanacağı bildirilib.
Aytən Yaşar/ Turkustan.az