Belçikada NATO-nun hərbi obyektlərindən birində təcrübəçi kimi çalışan Çin əsilli Kanada vətəndaşı casusluq ittihamı ilə saxlanılıb.
Turkustan.az xəbər verir ki, Belçika Prokurorluğunun yaydığı məlumata görə, şübhəli "üçüncü ölkənin maraqları naminə casusluq etmək" və "cinayətkar təşkilatın üzvü olmaq" ittihamları ilə istintaqa cəlb olunub.
Prokurorluq bildirib ki, istintaqın gedişinə görə şübhəlinin adı və digər şəxsi məlumatları hələlik açıqlanmır.
Məlumata görə, saxlanılan şəxs Belçikanın Mons şəhərində yerləşən NATO-nun SHAPE (Müttəfiq Qüvvələrin Avropadakı Ali Qərargahı) qərargahında təcrübəçi kimi fəaliyyət göstərib.
Hadisə ilə bağlı istintaq davam edir.
Aytən Yaşar/ Turkustan.az