Avropa Birliyi (AB) Komissiyası Rəqəmsal Bazarlar Qanunu (DMA) çərçivəsində öhdəliklərini pozduğu əsas gətirilərək Google-a ümumilikdə 890 milyon avro cərimə tətbiq edib.
Turkustan.az xəbər verir ki, Komissiyanın açıqlamasına görə, şirkət Google Search sistemində öz xidmətlərinə üstünlük verdiyinə görə 460 milyon avro, Google Play platformasında isə tətbiq tərtibatçılarının istifadəçiləri alternativ alış kanalları barədə məlumatlandırmasını və həmin kanallara yönləndirməsini məhdudlaşdırdığına görə 430 milyon avro cərimələnib.
Araşdırma nəticəsində müəyyən edilib ki, Google axtarış nəticələrində alış-veriş, otel, nəqliyyat və idman kimi öz xidmətlərini üçüncü tərəf platformalarından daha ön sırada göstərir, həmçinin onlara daha cəlbedici vizual təqdimat imkanı yaradır. Bu isə rəqib xidmətlərin eyni səviyyədə görünürlük əldə etməsinə mane olur.
Komissiya həmçinin bildirib ki, Google Play-də tətbiq tərtibatçıları istifadəçiləri daha sərfəli və ya alternativ ödəniş üsulları barədə sərbəst məlumatlandıra və onları həmin kanallara yönləndirə bilməyib. Bu məhdudiyyət də DMA qaydalarının pozuntusu kimi qiymətləndirilib.
Aytən Yaşar/ Turkustan.az