ABŞ Energetika Nazirliyi Səudiyyə Ərəbistanı ilə dinc nüvə əməkdaşlığına dair "123 Sazişi"nin imzalandığını açıqlayıb.
Turkustan.az xəbər verir ki, Nazirliyin məlumatına görə, ABŞ-ın energetika naziri Kris Rayt və Səudiyyə Ərəbistanının energetika naziri Şahzadə Əbdüləziz bin Salman Əl Səud dinc nüvə əməkdaşlığı haqqında "123 Sazişi"ni, eləcə də ona əlavə edilmiş ikitərəfli təhlükəsizlik sazişini imzalayıblar.
Açıqlamada qeyd olunub ki, bu sənədlər onillikləri əhatə edəcək, milyardlarla dollar dəyərində strateji tərəfdaşlığın hüquqi bazasını formalaşdıracaq. Razılaşmaların nüvə silahının yayılmasının qarşısının alınması, iqtisadi əməkdaşlığın genişləndirilməsi və regional təhlükəsizliyin möhkəmləndirilməsi kimi prioritet məqsədlərə xidmət edəcəyi vurğulanıb.
Bundan başqa, "123 Sazişi"nin ABŞ şirkətlərinə Səudiyyə Ərəbistanının mülki nüvə enerjisi proqramında daha geniş iştirak imkanı yaradacağı, bunun isə həm krallığın artan enerji tələbatının ödənilməsinə, həm də Amerika sənayesi, işçi qüvvəsi və təchizat zəncirləri üçün yeni iqtisadi imkanların yaranmasına şərait yaradacağı bildirilib.
Nazirlik əlavə edib ki, razılaşmalar nüvə təhlükəsizliyi, mühafizəsi və yayılmaması sahəsində beynəlxalq standartlara uyğun icra olunacaq. Bunun həm ABŞ və regionun təhlükəsizliyini gücləndirəcəyi, həm də Vaşinqtonun mülki nüvə texnologiyaları sahəsində rəqabət üstünlüyünü möhkəmləndirəcəyi qeyd olunub.
Aytən Yaşar/ Turkustan.az