İran parlamentinin sədri Məhəmməd Bağır Qalibafın açıqlaması müzakirələrə səbəb olub. O, İranın regionda neft sata bilməyəcəyi təqdirdə, başqalarının da bunu etməsinə icazə verilməyəcəyini söyləyib.
Globalinfo.az-a danışan analitik Aqşin Kərimov deyib ki, ABŞ ilə İran arasındakı müharibənin budəfəki fazası tərəflərin daha sərt iqtisadi kurs götürərək nəticə əldə etməsini prioritetləşdirir:
“ABŞ daha çox İranın cənub bölgələrini hədəfə alır. Əməliyyatların cənub bölgəsinə cəmlənməsi bunu deməyə əsas verir ki, Vaşinqton daha çox İranın iqtisadi, nəqliyyat və ticarət arteriyalarını hədəfə alıb. Bununla Vaşinqton Tehranı iqtisadi blokadaya salmağa çalışır. İran isə bunun əvəzində daha çox ABŞ-ın körfəz ölkələrindəki iqtisadi infrastrukturuna zərbələrini davam etdirir. Bunun ardınca husilərin də Səudiyyə Ərəbistanının dəniz ticarətini blokadaya almaq cəhdləri fonunda İran əvəzetmə kampaniyasını həyata keçirməyə çalışır.
Husilərin ümumiyyətlə Səudiyyə Ərəbistanının limanlarına qarşı tətbiq etdiyi blokadadan sonra əldə edilən məlumatlara görə, Bab əl-Məndəb boğazından keçmək üçün 7 gəmi öz kursunu dəyişib. Bu, hadisəni anlamaq üçün kifayət qədər ciddi rəqəmdir.
İran ilə ABŞ-ın iqtisadi platforma üzərində hərbi qarşıdurmaya getməsi daha çox regionda yeni iqtisadi-ticarət dəhlizi layihələrinin həyata keçirilməsi ilə bağlı tərəflərin yeni iddialarla gündəliyə çıxa biləcəyini göstərir. Hesab edirəm ki, Məhəmməd Bağır Qalibafın bu açıqlaması İranın yeni dəhliz yarada bilmək iddialarını gündəliyə daşımaq üçün verilən bəyanatdır. Ancaq proseslərin fonunda bu dəhliz layihələri Çin, ABŞ və Rusiya ilə də razılaşdırılmalıdır.
İran, Rusiya və Hindistan arasında Şimal-Cənub dəhlizi mövcuddur. Görünür ki, bu dəhlizin şaxələndirilməsi və ya həmin dəhlizlərdən ABŞ-ı təcrid etmək, yaxud həmin dəhlizlərin hansısa qollarından ABŞ-ı kənarda saxlamaq Moskva ilə Tehran arasındakı danışıqların gündəliyini təşkil edən əsas prioritetlərdən biridir.
Hələlik buna dair aydın mülahizələr və ya məlumatlar görməsək də, proseslərin arxasında böyük dəhliz müharibəsinin dayandığını söyləyə bilərik. Əks təqdirdə, tərəflərin hərbi ritorikanı iqtisadi platformalara cəmləməsinin başqa izahı yoxdur. Məncə, bu qədər iqtisadi xərclər naminə belə bir müharibəyə gedilirsə, daha böyük strateji plan var. Bu planı ABŞ ilə İran bir-birinə şərt kimi qəbul etdirməyə çalışacaqlar”.

Aqşin Kərimov
Analitik qeyd edib ki, hələlik hərbi faza daha çox İranın vəkil qüvvələrinin, həmçinin husilərin qoşulması ilə geniş eskalasiyaya səbəb ola bilər:
“Bunun ardınca isə yeni məlumatlar ortaya çıxır ki, İran-ABŞ müharibəsi qızışdıqca kürdlərin müdaxilə planı bir daha diqqət mərkəzinə düşür.
Müharibənin spektri areal və geosiyasi baxımdan daha genişdir. Burada kimin hansı kartı necə işə sala biləcəyi, tətbiq edəcəyi haqqında tam aydın strateji baxışlar, ən azı, medianın analitik gündəmində nəzərə çarpmır.
Bununla belə, düşünürəm ki, ABŞ-İran müharibəsi gələcəkdə yeni əməkdaşlıq platformaları açacaq.
Birincisi, əsasən ABŞ ilə İranın iştirakı fonunda Yaxın Şərqdə yeni arxitekturanın qurulmasıdır.
İkincisi, bu arxitekturanın Cənubi Qafqaz regionuna və digər əlaqəli regionlara təsir etməsidir.
Üçüncüsü, Türkiyənin bu əməkdaşlıqdan necə istifadə etməsidir.
Dördüncüsü, İsrailin bu proseslərə necə müdaxilə edəcəyidir.
Birbaşa əməkdaşlıqdan, yəni konstruktiv dialoqdan danışmaq üçün tezdir. Müharibənin sonu, məncə, əməkdaşlığa və sövdələşmələrə gətirib çıxara bilər. Bu sövdələşmələrdə daha çox pay əldə etmək uğrunda mübarizə gedir. Nəticə əldə olunmadığı təqdirdə tərəflər bir-birlərinin şərtlərini qəbul etmiş kimi görünüb nəticə əldə etməyə fokuslanacaqlar. Fikrimcə, hazırda kimin daha çox pay əldə edəcəyi uğrunda mübarizə gedir”.