Pakistanda polis maşınlarına silahlı hücum: 11 polis öldü


Pakistanın şimal-qərbində yerləşən Xayber Paxtunxva əyalətində polis maşınlarına silahlı hücum nəticəsində 11 polis əməkdaşı həlak olub, 12 nəfər yaralanıb.

Turkustan.az xəbər verir ki, Kohat polisinin sözçüsü Məhəmməd Numan Zeb “Express Tribune” qəzetinə açıqlamasında hadisənin Kohat rayonunda baş verdiyini bildirib.

Onun sözlərinə görə, qanunsuz qızıl hasilatına qarşı əməliyyat keçirmək üçün yola çıxan polis qrupu Əfqanıstan sərhədi yaxınlığında silahlı şəxslərin pusqusuna düşüb.

Təhlükəsizlik mənbələri də hücum nəticəsində 11 polis əməkdaşının öldüyünü, 12 nəfərin yaralandığını təsdiqləyib.

Hücum zamanı beş polis avtomobili də yandırılıb. Hələlik heç bir təşkilat hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.

Silahlı şəxslərin tutulması üçün bölgədə əməliyyat başladılıb.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ