ABŞ-ın Nyu-Cersi ştatındakı MetLife Stadionunda keçirilən İspaniya–Argentina arasında FIFA Dünya Kubokunun finalı təkcə meydandakı mübarizə ilə deyil, tribunadakı diplomatik görüntülərlə də diqqət çəkib.
Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp və İspaniyanın Baş naziri Pedro Sançez uzun müddətdir davam edən siyasi gərginliyə baxmayaraq, VIP lojasında əl sıxıblar.
Tramp və Sançez arasında münasibətlər son aylarda, xüsusilə NATO çərçivəsində müdafiə xərcləri ilə bağlı fikir ayrılıqları səbəbindən gərgin idi. Tramp İspaniyanı müdafiə büdcəsini artırmamaqda tənqid etmiş, hətta Madridi ticarət tədbirləri ilə hədələmişdi. İki ölkə arasında İran siyasəti ilə bağlı fərqli mövqelər də münasibətlərdəki gərginliyi artırmışdı.
Buna baxmayaraq, final oyunu öncəsi VIP lojasında üz-üzə gələn Tramp və Sançez əl sıxaraq qısa söhbət ediblər. Həmin anlar kameralar tərəfindən lentə alınıb və beynəlxalq mediada geniş işıqlandırılıb.
İspaniya mətbuatı iki liderin görüşünü diplomatik baxımdan əhəmiyyətli hadisə kimi qiymətləndirib. "El País" finalın təkcə idman deyil, həm də diplomatik baxımdan simvolik məna daşıdığını yazıb. "Cadena SER" isə Tramp və Sançezin əl sıxışmasını "finalın ən çox diqqət çəkən anlarından biri" kimi dəyərləndirib.
Aytən Yaşar/ Turkustan.az