“The New York Times” (NYT) qəzeti iddia edib ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İranın ABŞ qüvvələrinə qarşı həyata keçirdiyi bəzi hücumları ictimaiyyətdən gizlədib və həmin hücumlar nəticəsində çoxsaylı amerikalı hərbçi yaralanıb.
Turkustan.az xəbər verir ki, NYT-nin adları açıqlanmayan ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, Pentaqonun ABŞ–İran qarşıdurması ilə bağlı açıqladığı rəsmi məlumatlar hadisələrin tam mənzərəsini əks etdirmir.
Mənbələrin iddiasına görə, İordaniyada iki ABŞ əsgərinin həlak olduğu, birinin isə itkin düşdüyü hücumdan əvvəl İran ABŞ qüvvələrinə qarşı daha üç hücum həyata keçirib.
Bildirilir ki, həmin hücumlar zamanı çox sayda ABŞ hərbçisi yaralanıb, həmçinin bir neçə hərbi helikopter zədələnib. Lakin Pentaqonun rəsmi açıqlamalarında bu hücumlar və onların nəticələri barədə məlumat yer almayıb.
Qəzetin məlumatına görə, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) yaralanan hərbçilər qısa müddətdə xidmətə qayıtdıqda, bu barədə ictimaiyyətə məlumat verməyə borclu deyil.
Aytən Yaşar/ Turkustan.az