Böyük Britaniyada iki ildən artıq hakimiyyətdə qalan Baş nazir Keir Starmerin istefası ölkə siyasətində ciddi dönüş nöqtəsi oldu. Onun yerinə Əmək Partiyasının yeni lideri Endi Börnham (Andy Burnham) baş nazir vəzifəsinə gətirildi.
Starmer 2024-cü ildə keçirilən parlament seçkilərində Əmək Partiyasını böyük qələbəyə apararaq 14 illik mühafizəkar hakimiyyətinə son qoymuşdu. Lakin onun baş nazirliyi dövründə iqtisadi artımın zəif qalması, yaşayış xərclərinin yüksək olması, dövlət maliyyəsi ilə bağlı çətinliklər və bir sıra islahatların gözlənilən nəticəni verməməsi hökumətə dəstəyi əhəmiyyətli dərəcədə azaltdı. Nəticədə o, vəzifəsindən ayrıldı.
Bəs Keir Starmer ölkəsi və dünya siyasəti üçün necə baş nazir oldu? Turkustan.az bu sualı politoloqlara ünvanladı.
Siyasi şərhçi Aydın Tağıyev bildirdi ki, Starmerin hakimiyyətinin vaxtından əvvəl başa çatmasında əsas amillərdən biri siyasi səhvlər və daxili siyasətdə gözləntiləri tam doğrulda bilməməsi olub.
Aydın Tağıyev
Keir Starmerin baş nazirliyi Böyük Britaniya üçün sabitlik və moderasiya vədi ilə başladı. Onun iki illik hakimiyyəti həm mühüm nailiyyətlərlə, həm də ciddi siyasi və iqtisadi çətinliklərlə yadda qaldı. Starmer işçi hüquqlarının gücləndirilməsi istiqamətində addımlar atdı və beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanındı. Bununla yanaşı, daxildə iqtisadi problemlər, hökumətin bəzi qərarlarına yönələn tənqidlər və yerli seçkilərdə uğursuz nəticələr onun siyasi mövqeyini zəiflətdi və nəticədə istefası ilə yekunlaşdı.
Digər tərəfdən, Starmerin hakimiyyəti Böyük Britaniyada sosial hüquqların genişləndirilməsi və sabitliyin qorunması cəhdləri ilə yadda qalsa da, iqtisadi çətinliklər və siyasi səhvlər onun hökumətinin ömrünü qısaltdı. O, beynəlxalq miqyasda etibarlı tərəfdaş imicini qorusa da, ölkə daxilində seçicilərin gözləntilərini tam şəkildə doğrulda bilmədi.
Siyasi şərhçi Zaur İbrahimli hesab edir ki, Keir Starmer iki illik hakimiyyəti dövründə seçicilərə verdiyi əsas vədlərin əhəmiyyətli hissəsini reallaşdıra bilmədi.

Zaur İbrahimli
Uzun fasilədən sonra Leyboristlər Partiyasının yenidən hakimiyyətə qayıtmasında Keir Starmer həlledici rol oynadı. Lakin iki illik hakimiyyəti ərzində vəd etdiyi islahatların hamısını həyata keçirə bilmədi. Xüsusilə sosial və iqtisadi sahələrdə gözləntilər tam doğrulmadı. Bu da son yerli seçkilərdə, xüsusən İngiltərənin şimal bölgələrində Leyboristlərin ciddi səs itkiləri ilə üzləşməsinə səbəb oldu. Bir sıra dairələrdə onların yerini Reform UK Partiyası tutdu. Məhz bu nəticələrdən sonra partiya rəhbərliyi Starmerin əvəzlənməsi qərarına gəldi.
Starmerin ən böyük uğurları isə xarici siyasətdə özünü göstərdi. O, Ukraynaya dəstəyin davam etdirilməsində mühüm rol oynadı və bu məsələdə Böyük Britaniyanın aparıcı mövqeyini qorudu. Eyni zamanda, Donald Trampla effektiv siyasi dialoq qura bilən azsaylı Avropa liderlərindən biri oldu. Bu münasibətlər nəticəsində Böyük Britaniya ilə ABŞ arasında ticarət sazişi imzalandı ki, bu da iqtisadi çətinliklərlə üzləşən Britaniya üçün mühüm imkan yaratdı.
Transatlantik əməkdaşlığın qorunub saxlanılmasında da Starmerin rolu qeyd olunmalıdır. Son NATO sammitinin nəticələri də bu baxımdan onun diplomatik fəaliyyətinin uğurlarından biri hesab edilə bilər.
Digər mühüm məqamlardan biri Böyük Britaniyanın İranla bağlı hərbi eskalasiyadan kənarda qalması oldu. Starmerin hakimiyyətə gəlməsi ilə formalaşan daha ehtiyatlı xarici siyasət kursu bu istiqamətdə mühüm rol oynadı və bunu Britaniyanın milli maraqları baxımından uğurlu addım kimi qiymətləndirmək olar.
Starmer həmçinin Avropa liderləri ilə əməkdaşlığın gücləndirilməsi və Brexitdən sonra Avropa İttifaqı ilə münasibətlərdə körpülərin yenidən qurulması istiqamətində də mühüm addımlar atdı.
Ümumilikdə, hesab edirəm ki, Keir Starmer Avropada sabitliyin qorunmasına, Ukraynaya dəstəyin davam etdirilməsinə və Yaxın Şərqdə münaqişənin daha da genişlənməsinin qarşısının alınmasına müəyyən töhfə verdi.
Onun hakimiyyəti dövründə Azərbaycan–Böyük Britaniya münasibətləri də inkişafını davam etdirdi. Xüsusilə enerji və müdafiə sənayesi sahələrində əməkdaşlıq istiqamətində yeni meyillər müşahidə olundu. Britaniya rəsmilərinin Azərbaycanın ərazi bütövlüyünə və Cənubi Qafqazda sülh prosesinə dəstək bəyanatları davam etdi. Bu baxımdan demək olar ki, London regiona münasibətdə konstruktiv və praqmatik siyasət yürütməyə çalışdı.
Aytən Yaşar/ Turkustan.az