"Ahıllara və Tənhalara Dəstək” İ.B Şəki şəhərinə ekskursiya təşkil edib


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Ahıllara və Tənhalara Dəstək" İctimai Birliyi tərəfindən həyata keçirilən “Yüksək Mənəvi Dəyərlərin Təbliği” layihəsi çərçivəsində Şəki şəhərinə maarifləndirici ekskursiya təşkil olunub.

Ekskursiyada şəhid anaları, orta yaşlı insanlar və gənclər iştirak ediblər. Səfərin əsas məqsədi müxtəlif nəsillər arasında ünsiyyətin və qarşılıqlı hörmətin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin təbliği, tarixi irsimizin tanıdılması və gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi olub.

İştirakçılar əvvəlcə Azərbaycanın ən qədim mədəniyyət mərkəzlərindən biri olan Şəki şəhərinin tarixi və memarlıq abidələri ilə tanış olublar. Ekskursiya çərçivəsində Şəki Xan Sarayı ziyarət edilib, burada sarayın zəngin tarixi, nadir memarlıq üslubu və Azərbaycan mədəniyyətində tutduğu mühüm yer haqqında ətraflı məlumat verilib. Daha sonra tarixi Karvansaray kompleksi gəzilib. İştirakçılar qədim İpək Yolunun mühüm dayanacaqlarından biri olan Karvansarayın tarixi əhəmiyyəti ilə yaxından tanış olublar.

Səfər zamanı yaşlı nəslin nümayəndələri keçmişə dair xatirələrini, milli adət-ənənələrimizi, ailə dəyərlərimizi və xalqımızın zəngin mədəni irsini gənclərlə bölüşüblər. Gənclər isə böyük maraqla bu söhbətlərə qoşularaq, yaşlı nəslin həyat təcrübəsindən faydalanıblar. Bu ünsiyyət nəsillər arasında qarşılıqlı anlaşmanın və mənəvi bağların daha da möhkəmlənməsinə töhfə verib.

Ekskursiyanın davamı olaraq iştirakçılar Qaqrin restoranında bir araya gəliblər. Burada milli mətbəximizin nümunələri təqdim olunub və səmimi fikir mübadiləsi aparılıb. Görüş zamanı milli-mənəvi dəyərlərin qorunması, ailə institutunun möhkəmləndirilməsi, gənclərin milli ruhda tərbiyəsi, şəhid ailələrinə göstərilən diqqət və qayğı, cəmiyyətdə birlik və həmrəylik kimi mövzular ətrafında geniş müzakirələr keçirilib.

Şəhid anası Rızayeva Hafizə çıxışında layihənin rəhbəri Ruhiyyə Məmmədovanın şəhid ailələrinə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirib:

"Ruhiyyə xanımı uzun illərdir tanıyırıq. O, hər zaman şəhid ailələrinin yanında olub, sevincimizi də, kədərimizi də bizimlə bölüşüb. Biz heç vaxt onun diqqətini və qayğısını hiss etməmiş deyilik. Bu gün təşkil olunan ekskursiya da bizə böyük mənəvi dəstək oldu. Belə tədbirlər şəhid ailələrinin cəmiyyət tərəfindən unudulmadığını göstərir və bizə yeni mənəvi güc verir."

Digər iştirakçılar da layihə barədə öz fikirlərini bölüşüblər.

Şəhid anası Mütəllimzadə Nailə bildirib ki, bu cür tədbirlər cəmiyyətdə birlik və həmrəyliyin möhkəmlənməsinə xidmət edir:

"Bu gün burada müxtəlif yaşda insanlar bir araya gəldilər. Bir-birimizi daha yaxından tanıdıq, fikir mübadiləsi apardıq. Belə layihələr insanlar arasında mehribanlığı, hörməti və milli dəyərlərə bağlılığı artırır."

Gənc iştirakçılar isə qeyd ediblər ki, şəhid anaları ilə eyni tədbirdə iştirak etmək onlar üçün böyük mənəvi məktəb olub:

"Biz bu gün tariximizi kitablardan deyil, həmin tarixi yaşayan insanların dilindən dinlədik. Şəhid analarının fikirləri bizdə vətənə sevgi, milli dəyərlərə hörmət və böyüklərə ehtiram hisslərini daha da gücləndirdi."

Layihə rəhbəri, "Ahıllara və Tənhalara Dəstək" İctimai Birliyinin sədri Ruhiyyə Məmmədova bildirib ki, bu cür tədbirlər müxtəlif nəsillər arasında qarşılıqlı hörmətin möhkəmlənməsinə, milli-mənəvi dəyərlərin qorunmasına və zəngin irsimizin gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verir. O, layihəyə göstərilən maliyyə dəstəyinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü ifadə edib.

Sonda xatirə şəkilləri çəkdirilib və ekskursiyanın iştirakçıları bu səfərin onlarda unudulmaz təəssüratlar yaratdığını, milli-mənəvi dəyərlərimizin qorunması və nəsillər arasında əlaqələrin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıdığını qeyd ediblər.


MANŞET XƏBƏRLƏRİ