1 iyul 2026-cı il tarixinə Rusiya Bankının qızıl ehtiyatları 73,4 milyon troy unsiyasına çatıb.
Turkustan.az Rusiya mediasına istinadla xəbər verir ki, 1 iyunda bu rəqəm 73,7 milyon unsiya, 1 mayda isə 73,9 milyon təşkil edib.
Bildirilir ki, iyun ayının nəticələri 2020-ci ilin fevral ayından bəri ən aşağı həcmi təmsil edir.
Dünya Qızıl Şurasının məlumatına görə, 2026-cı ilin may ayında qlobal mərkəzi bankların qızıl ehtiyatları 41 ton artıb. Lakin Rusiya bankı qiymətli metalı satmağa davam edib. Daha sonra onun ehtiyatları 6 ton azalıb. Şura aydınlaşdırıb ki, ilin əvvəlindən bəri Rusiya 34 ton qızıl sataraq ehtiyatlarını 2292 tona endirib.
Yanvar ayında Rusiya tənzimləyicisi qızıl satışında lider olub.
Rusiya Federasiyasının öz qızıl ehiyatlarını bu cür sürətlə “əritməsi”nin əsas səbəbi Ukraynaya qarşı apardığı işğalçılıq müharibəsi və bu üzdən məruz qaldığı çoxsaylı siyasi və iqtisadi sanksiyalardır. Müharibə çox pul tələb edir, Rusiyanın xarici ölkələrə ixrac etdiyi məhsullara qadağa qoyulub, əlac qızıl ehtiyatını satmağa qalır. /Musavat.com/