Türkiyə Xarici işlər naziri Hakan Fidan bildirib ki, Türkiyənin əsas məqsədi İran və ABŞ arasında mümkün qədər tez yenidən razılaşmanın əldə olunmasıdır.
Turkustan.az xəbər verir ki, Fidan bu fikirləri Qətərə səfəri çərçivəsində ölkə mətbuatına verdiyi açıqlamada səsləndirib. O vurğulayıb ki, Türkiyə ilə Qətər arasında tarixi və möhkəm münasibətlər mövcuddur, strateji tərəfdaşlığın təməli isə Qətərin mərhum əmiri Şeyx Həməd bin Xəlifə Əl Taninin hakimiyyəti dövründə qoyulub.
Mərhum əmirin vəfatı münasibətilə Qətər xalqına başsağlığı verən Fidan deyib:
"O, təkcə Qətər üçün deyil, bütün İslam dünyası və beynəlxalq ictimaiyyət üçün uzaqgörən lider idi. Çox mühüm və konstruktiv töhfələr verib. Bu gün həm regionumuz, həm də dünya onun qoyduğu irsdən və əldə etdiyi nailiyyətlərdən faydalanır."
Fidan çıxışı zamanı həmçinin Türkiyənin İran və ABŞ arasında gərginliyin dialoq yolu ilə aradan qaldırılmasını istədiyini vurğulayaraq, "Arzumuz İran və Amerika arasında mümkün qədər tez bir zamanda yenidən razılaşma əldə olunmasıdır", - deyə, bildirib.
Aytən Yaşar/ Turkustan.az