Rusiya Federasiyasının hazırkı rəhbərliyi ilə hər hansı danışıqların aparılması çətin görünür.
Turkustan.az xəbər verir ki, bu fikri Ukrinform-a müsahibəsində Ukraynanın Fövqəladə və Səlahiyyətli səfiri, Pylyp Orlyk Fondunun Beynəlxalq Siyasət Tədqiqatları Departamentinin rəhbəri Vladimir Yelçenko səsləndirib.
Yelçenko 2010–2015-ci illərdə Rusiyada səfir kimi fəaliyyət göstərdiyi dövrü xatırladaraq bildirib ki, mövcud Rusiya rejimi ilə danışıqların nəticə verəcəyinə inanmır.
"Mən mövcud Rusiya rejimi ilə hər hansı danışıqların real olduğuna inanmıram. Hazırkı Rusiya rəhbərliyi ilə danışıqlar aparmaq faktiki olaraq mümkün deyil. Açığı, hətta bundan sonrakı Rusiya hakimiyyəti ilə də danışıqların uğurlu olacağına inanmıram", – deyə diplomat vurğulayıb.
Onun sözlərinə görə, Rusiyada nazirlər, baş nazir, baş nazirin müavinləri və digər yüksək vəzifəli şəxslər Vladimir Putinə yaxın eyni siyasi çevrənin nümayəndələridir və uzun illər formalaşdırılmış dövlət təbliğatının təsiri altındadırlar.
Yelçenko əlavə edib ki, hazırda Rusiya siyasi elitasında mövqeyini dəyişə biləcək və fərqli yanaşma nümayiş etdirəcək hər hansı şəxs görmür.
Aytən Yaşar/ Turkustan.az