ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) zərbə endirdiyini açıqladığı "Belma" tankeri son illərdə İran üçün strateji əhəmiyyət daşıyıb.
Turkustan.az xəbər verir ki, dəniz nəqliyyatını izləyən "Tanker Trackers" platformasının məlumatına görə, Kurasao bayrağı altında üzən tanker indiyədək azı 38 milyon barel İran xam nefti daşıyaraq Tehranın əsas gəlir mənbələrindən biri olub.
Bildirilir ki, 9289491 qeydiyyat nömrəli "Belma" uzun müddət İran neftinin daşınmasında istifadə edilib.
CENTCOM daha əvvəl açıqlamışdı ki, Xarq adasına doğru hərəkət edən və xəbərdarlıqlara məhəl qoymayan tanker "Hellfire" raketi ilə tüstü borusundan vurularaq istismardan çıxarılıb. ABŞ hərbi komandanlığı əməliyyatın İrana qarşı tətbiq olunan dəniz blokadasının icrası çərçivəsində həyata keçirildiyini bildirib./publika.az