Zəngəzur dəhlizində işlərin başlanacağı TARİX


Zəngəzur dəhlizinin ABŞ-Ermənistan razılaşması çərçivəsində nəzərdə tutulan TRIPP hissəsi ilə bağlı proses davam edir. Layihənin həyata keçirilməsi üçün hüquqi prosedurların tamamlanması və infrastruktur işlərinə hazırlıq əsas mərhələlər kimi qiymətləndirilir.

Politoloqlar hesab edir ki, ABŞ və Ermənistan arasında prinsipial razılaşmanın əldə olunmasından sonra proses artıq praktiki mərhələyə keçib. Hazırda əsas diqqət TRIPP layihəsi üzrə şirkətin hüquqi statusunun təsdiqlənməsinə və Ermənistanın daxili prosedurlarının tamamlanmasına yönəlib.

Maraqlıdır ki, tikinti işləri nə zaman başlayacaq?

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən politoloq Fərhad Məmmədov bildirib ki, TRIPP layihəsi üzrə proses bir neçə mərhələdən ibarətdir:

“Zəngəzur dəhlizinin vacib olan TRIPP hissəsi ilə bağlı Ermənistan və ABŞ arasında proses davam edir. Bu prosesin bir neçə hissəsi var. Birincisi, prinsipial razılaşmadır. Hökumətlər bunu xüsusi sənədlə təsdiqləyiblər. İkinci mərhələ ABŞ-Ermənistan şirkətinin qeydiyyatdan keçirilməsi idi. Hazırda Ermənistanda bu sənədin müzakirəsi, Konstitusiya Məhkəməsindən rəy alınması və ratifikasiyası gözlənilir. Bu mərhələ başa çatdıqdan sonra sənədləşmə ilə bağlı əsas məsələlər həll edilmiş olacaq”.

Politoloq qeyd edib ki, layihənin reallaşması baxımından maliyyə məsələsi də artıq müəyyən qədər həllini tapıb:

“İkinci vacib məqam maliyyənin olmasıdır. Maliyyə ABŞ hökuməti tərəfindən artıq ayrılıb. 300 milyon dollardan çox vəsaitdən söhbət gedir. Buraya dəmir yolu ilə yanaşı, avtomobil yolu, elektrik enerjisi nəql edən xətlər, internet kabeli və gələcəkdə qaz boru kəməri də daxildir. ABŞ eyni zamanda bildirir ki, bu müxtəlif infrastrukturların həlli ilə bağlı qərarlar qəbul edildikcə yeni maliyyə imkanları da açılacaq”.

Fərhad Məmmədovun sözlərinə görə, ilkin hazırlıq işlərinin bu ilin sonuna qədər başlanması, gələn ilin yazında isə daha genişmiqyaslı infrastruktur işlərinə keçilməsi mümkündür:

“Ümumilikdə demək olar ki, Ermənistan hökumətinin məlumatına görə, ilin sonuna qədər ilkin işlərin başlanması mümkündür. Gələn ilin yazında isə Mehri tərəfdə qarların əriməsindən sonra fəal infrastruktur işlərinin şahidi ola bilərik”.


MANŞET XƏBƏRLƏRİ