Ən güclü bombaların belə gücü çatmayan dağ: İranın bu sirli obyekti Trampın hədəfində


ABŞ prezidenti Donald Trampın İranın strateji obyektlərindən biri olan Qazma dağını hədəf göstərməsi bölgədə diqqət mərkəzinə çevrilib.

Turkustan.az xəbər verir ki, Tramp jurnalistlərə açıqlamasında bildirib ki, ABŞ ordusu dağın altındakı yeraltı obyektlərin girişlərini vurmağa hazırdır.

Onun sözlərinə görə, İranın bunun qarşısını almaq üçün imkanları məhduddur. Qazma dağı İranın Natanz nüvə obyektindən təxminən 1,5 kilometr cənubda yerləşir. Ekspertlərin fikrincə, dağın altında dərin tunellər və yeraltı kompleks mövcuddur.

Bu obyektlərin İranın nüvə proqramı və uranın zənginləşdirilməsi fəaliyyəti ilə əlaqəli olduğu ehtimal edilir. İran isə obyekti beynəlxalq müfəttişlərin tam nəzarətinə açmadığı üçün bu şübhələr daha da güclənir. Mütəxəssislər hesab edirlər ki, İran son aylarda nüvə materiallarının bir hissəsini də bu sığınacaqlara köçürmüş ola bilər. Peyk görüntülərində obyektin girişində çoxsaylı yük maşınlarının görünməsi və girişlərin möhkəmləndirilməsi də bunu ehtimal etməyə əsas verir.

Bununla belə, ekspertlər Qazma dağının vurulmasının asan olmayacağını bildirirlər. Onların sözlərinə görə, əsas tunellər ABŞ-ın arsenalındakı ən güclü bunkerdağıdan GBU-57 bombalarının belə təsir edə bilməyəcəyi qədər dərində yerləşir.

Ekspertlərə görə, ən real ssenari obyektin tam məhv edilməsi deyil, girişlərinin ardıcıl bunkerdağıdan bombalarla vurularaq istifadəyə yararsız vəziyyətə salınmasıdır. Bununla yanaşı, ABŞ-ın İranın obyektləri bərpa etməsinin qarşısını almaq üçün əlavə hücumlar həyata keçirə biləcəyi də istisna edilmir.

Qazma dağına mümkün əməliyyatın nə vaxt baş verəcəyi hələlik məlum deyil. Mütəxəssislər bildirirlər ki, obyektin taleyi ABŞ ilə İran arasında qarşıdurmanın gedişindən asılı olacaq./publika.az


MANŞET XƏBƏRLƏRİ