Avropa İttifaqı (Aİ) pasportu sahibləri 150-dən çox ölkəyə vizasız səyahət edə bilsələr də, dünyanın bir çox istiqamətində turistlərdən yüksək viza və ya giriş rüsumu tələb olunur. Aparılan araşdırmada turistlər üçün ən bahalı giriş ödənişi tətbiq edən ölkələrin siyahısı açıqlanıb.
Turkustan.az xəbər verir ki, Araşdırmada 40-dan çox ölkənin rəsmi immiqrasiya orqanlarının turist vizaları və elektron səyahət icazələri üzrə müəyyən etdiyi minimum rüsumlar müqayisə edilib. Məlum olub ki, bəzi ölkələrdə viza haqqı ilə yanaşı, əlavə turizm və ya davamlı inkişaf ödənişləri də tətbiq olunduğundan səfərin ümumi dəyəri xeyli artır.
Araşdırmaya əsasən, Aİ vətəndaşları üçün ən yüksək giriş rüsumunu Qana tətbiq edir. Bu ölkədə elektron vizanın qiyməti 260 ABŞ dollarıdır.
Siyahıda növbəti yerlərdə aşağıdakı ölkələr qərarlaşıb:
Butan – 40 ABŞ dolları giriş haqqı və əlavə olaraq hər gecə üçün adambaşına 100 ABŞ dolları "Davamlı İnkişaf Rüsumu";
Nigeriya – 200-340 ABŞ dolları;
Kamerun – 153 avro;
Əlcəzair – 75-110 avro;
Səudiyyə Ərəbistanı – 395 rial (təxminən 92 avro);
Namibiya – təxminən 86 avro;
Yaponiya – 15 min yen (təxminən 81 avro).
Məlumata görə, Butanda giriş vizası digər bəzi ölkələrdən ucuz görünsə də, hər gecə üçün tutulan 100 dollarlıq "Davamlı İnkişaf Rüsumu" səbəbindən uzunmüddətli səfərlər xeyli baha başa gəlir. Bu səbəbdən ölkə dünyanın turistlər üçün ən bahalı istiqamətlərindən biri hesab olunur.
Araşdırmada vurğulanır ki, siyahıda göstərilən məbləğlər yalnız Avropa İttifaqı vətəndaşları üçün tətbiq olunan minimum turist vizası və elektron səyahət icazəsi haqlarını əhatə edir. Digər ölkələrin, o cümlədən Türkiyə və Azərbaycan vətəndaşları üçün tətbiq olunan viza rüsumları fərqli ola bilər. Bundan əlavə, bəzi ölkələrdə konsulluq, biometrik qeydiyyat, sığorta və vasitəçi xidmət haqları da ümumi səyahət xərclərini artırır./Musavat.com