ABŞ və Çin arasında mümkün hərbi qarşıdurmanın təkcə təhlükəsizlik sahəsinə deyil, həm də Amerika iqtisadiyyatına ciddi zərbə vura biləcəyi bildirilir.
Turkustan.az xəbər verir ki,ABŞ-da nəşr olunan The National Interest jurnalının təhlilində qeyd olunur ki, Çinin kritik minerallar və qlobal təchizat zəncirləri üzərindəki təsiri Vaşinqton üçün strateji risk yaradır.
"Təchizat Zəncirinin Müharibəsinin Yeni Dövrü" adlı təhlildə vurğulanır ki, Çin yalnız xammal ixracatçısı deyil, həm də müasir sənaye üçün həyati əhəmiyyət daşıyan yarımkeçiricilər, batareyalar, elektronika komponentləri və əczaçılıq xammalının istehsalında əsas oyunçudur. Məqalədə bildirilir ki, ABŞ və Çin arasında birbaşa münaqişə baş verərsə, bu, istehsal müəssisələrinin fəaliyyətinin dayanmasına, elektronika çatışmazlığına və müdafiə sənayesində ciddi problemlərə səbəb ola bilər.
Təhlildə Çinlə İranın iqtisadi və strateji imkanları da müqayisə edilir. Qeyd olunur ki, İran əsasən Hörmüz boğazı vasitəsilə qlobal enerji bazarına təsir göstərə bilsə də, Çinin təsir imkanları daha genişdir və qlobal istehsal zəncirlərini əhatə edir.
Məqalədə Çinin qabaqcıl elektronika istehsalında istifadə olunan qallium və germanium, həmçinin müdafiə sənayesi üçün vacib sayılan sürmə kimi strateji minerallar üzərində nəzarətinə xüsusi diqqət yetirilir. Bildirilir ki, Pekinin bu materialların ixracını məhdudlaşdırması ABŞ-ın yüksək texnologiya və müdafiə sənayesinin istehsal gücünə birbaşa mənfi təsir göstərə bilər.
Təhlif müəlliflərinin fikrincə, ABŞ iqtisadiyyatının bu cür risklərə qarşı dayanıqlığını artırmaq üçün təchizat zəncirlərinin şaxələndirilməsi və strateji xammal asılılığının azaldılması vacibdir.
Aytən Yaşar/ Turkustan.az