Şəmkir rayonunda 11 nəfərin zəhərləndiyi və buna görə bağlanan “Narın Qala” restoranı rayonun uzun müddət icra başçısının müavini vəzifəsini daşıyan Fəxrəddin Vəli oğlu Vəliyevə məxsusdur.
Turkustan.az Axar.az-a istiinadla xəbər verir ki, belə bir iddia ilə rayon sakinləri sosial şəbəkədə çıxış ediblər.
Bildirilib ki, “Narın Qala” Şəmkir SES-in düz yanında tikilib.
Qeyd edilir ki, F.Vəliyev bir müddət öncə başçının müavini və YAP-ın rayon təşkilatının sədri vəzifəsindən təqaüdə göndərilib.
Fəxrəddin Vəliyev 2 iyun 1955-ci ildə Şəmkir rayonunun Təzəkənd kəndində anadan olub, 1972-1974-cü illərdə Şəmkir rayonundakı R.Əliyev adına kolxozda kolxozçu işləyib. 1978-ci ildə Gəncə Dövlət Pedoqoji İnistutunun Tarix fakültəsini bitirib.
1986-1989-cu illərdə Ali Partiya Məktəbində təhsil alıb.
1995-2000-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının (indiki Dövlət Aqrar Universiteti) Mühəndis iqtisadiyyatı və idarəetmə fakültəsində oxuyub.
1978-1985-ci illərdə Şəmkir rayonunun Kür qəsəbə və R.Əliyev adına tam orta məktəblərində müəllim, məktəb direktorunun müavini vəzifəsində işləyib. 1985-1990-cı illərdə Şəmkir rayonunun R.Əliyev adına sovxozunda partiya komitəsinin katibi, 1990-1991-ci illərdə sovxozun direktor müavini olub.
1993-cü ilin sentyabr ayından 1995-ci ilin iyul ayına kimi Şəmkir rayon İcra Hakimiyyətində humanitar məsələlər üzrə baş məsləhətçi, 1995-ci ilin iyul ayından 2013-cü ilin dekabr ayının 27-nə kimi Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində işləyib.
2013-cü ilin dekabr ayının 27-dən Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb.
2000-ci ildən YAP rayon təşkilatının sədri olub.
6 iyul 2026-cı ildə başçının müavini və YAP rayon təşkilatının sədri vəzifəsindən azad edilib.