Berlin: Rusiyanın "kölgə donanması" ilə təhdidlərinə imkan verməyəcəyik


Almaniya və digər NATO müttəfiqləri Baltik dənizinin təhlükəsizliyini gücləndirmək, kritik infrastrukturu və mühüm təchizat xətlərini Rusiyanın hibrid təhdidlərindən qorumaq üçün tədbirləri artıracaq.

Turkustan.az xəbər verir ki, Berlin Moskvanın strateji obyektlərə və təchizat yollarına qarşı mümkün təhdidlərinə qarşı NATO çərçivəsində birgə fəaliyyətin davam etdiriləcəyini bildirib.

Almaniyanın xarici işlər naziri Yohan Vadeful qeyd edib ki, Rusiya tərəfindən istifadə edilən və "kölgə donanması" adlandırılan gəmilər vasitəsilə kritik infrastruktur və nəqliyyat marşrutlarına qarşı risklərin qarşısı alınmalıdır.

"Biz Moskvanın vacib infrastrukturu hədəf almasına və təchizat yollarını, o cümlədən baxımsız kölgə donanması vasitəsilə təhlükəyə atmasına icazə verməyəcəyik. Buna görə də NATO tərəfdaşları olaraq Baltik Keşikçiləri missiyasını gücləndirməyə davam edəcəyik", - deyə, Vadeful bildirib.

Nazirin iyulun 15-16-da Finlandiyaya səfəri zamanı keçirilən görüşlərdə əsas müzakirə mövzuları Ukraynaya dəstək, Rusiyanın hibrid təhdidləri, Baltik dənizinin təhlükəsizliyi və Almaniya-Finlandiya əməkdaşlığı olub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ