Filmlərdə təbiətin ən sərt guşələrində böyük xəzinə ümidi ilə ağlasığmaz macəralar yaşayan qızılaxtaranları çox görmüşük.
Bəs real həyatda adi bir vətəndaş əlinə metal detektoru, kürək alıb təbiətə çıxaraq qızıl axtara bilər? Yəni Azərbaycanda qanun bu barədə nə deyir?
Azərbaycan Respublikasının Yerin təki haqqında Qanununda bildirilir ki, fiziki şəxs Azərbaycanda özbaşına qızıl axtarıb çıxara bilməz. Bunun səbəbi odur Azərbaycanda yerin təki dövlət tərəfindən qorunan sərvətdir və ondan istifadə qanunla tənzimlənir.
Qızıl faydalı qazıntıdır və onun axtarışı, kəşfiyyatı və hasilatı yerin təkindən istifadə hesab olunur. Bu fəaliyyət isə dövlət tərəfindən tənzimlənir və yalnız qanunvericilikdə nəzərdə tutulmuş hüquqi əsaslarla həyata keçirilə bilər. Qızıl axtarmaq üçün qazmağa, süxurları emal etməyə müvafiq icazə və ya hüquqi əsas tələb olunur.
Əgər şəxs icazəsiz şəkildə qızıl çıxararsa, fəaliyyəti qanunsuz hesab olunacaq, nəticədən və vurulan zərərdən asılı olaraq inzibati və ya daha ağır hallarda cinayət məsuliyyəti yarana bilər.
Amma maraqlıdır ki, dünyanın başqa ölkələrində bu fəaliyyətə Azərbaycan qədər həssas yanaşmırlar. Bəzi ölkələrdə müəyyən qaydalar və icazələrlə həvəskar qızıl axtarışına şərait yaradılıb.
ABŞ-ın bir çox ştatında həvəskar şəkildə qızıl çıxarmaq olar, sadəcə bəzi yerlərdə icazə tələb olunur.
Kanadada şəxsin öz istifadəsi üçün qızıl hasil olunursa, hüquqi problem yaratmır, lakin kommersiya üçün lisenziya lazımdır.
Avstraliya isə dünyada qızıl axtarışı üçün ən məşhur ölkələrdəndir. Bura həvəskar qaızılaxtaranların cənnəti də demək olar.
Lakin postsovet ölkələrində Azərbaycanda olduğu kimi qızıl dövlət sərvəti hesab olunur və onun axtarışı və hasilatı dövlətin xüsusi icazəsi ilə mümkündür./Bizim.Media