Ukrayna Rusiyanın paytaxtı Moskvaya 350-dən çox pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib. Hücum nəticəsində üç nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.
Turkustan.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi isə cavab olaraq Ukraynanın Çornomorsk limanındakı hərbi infrastruktur obyektlərinə və gəmilərinə yüksək dəqiqlikli raketlər və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini açıqlayıb.
Moskva meri Sergey Sobyanin sosial media hesabında bildirib ki, dünən saat 20:30-dan etibarən Moskva vilayətinə 350-dən çox Ukrayna PUA-sı göndərilib. Onun sözlərinə görə, dronların əksəriyyəti şəhərə çatmadan məhv edilib, 50-si isə Moskvaya yaxınlaşarkən vurulub.
Moskva vilayətinin qubernatoru Andrey Vorobyev də hücum zamanı bölgədə ümumilikdə 81 dronun zərərsizləşdirildiyini bildirib.
Vorobyevin sözlərinə görə, İstra rayonunun Pionerskiy kəndində dronun düşməsi nəticəsində üç nəfər həlak olub, üç nəfər yaralanıb və beş fərdi ev yanıb. Solneçnoqorskda isə pilotsuz uçuş aparatı yaşayış binasına çırpılıb, nəticədə iki nəfər xəsarət alıb. Hadisə zamanı binanın divarları və pəncərələri də zədələnib.
Aytən Yaşar/ Turkustan.az