Rusiya son kozırını işə saldı: Putin Qərb və Ukraynanı bu cür qorxudur…


Rusiya ordusunun Ukraynadakı müharibədə ciddi irəliləyiş əldə edə bilməməsi fonunda Prezident Vladimir Putin yenidən nüvə silahından istifadə mövzusunu gündəmə gətirib. Belə ki, may ayında Rusiyanın Müdafiə Nazirliyi hərbi təlimlər çərçivəsində Belarus ərazisindəki sahə anbarlarına nüvə sursatlarının yerləşdirildiyini açıqlayıb.

Turkustan.az-ın xəbərinə görə, “The Hill” nəşri yazır ki, bu mesajlar həm Ukraynaya, həm də NATO ölkələrinə yönəlib.

Nəşr Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) eksperti Daniel Solsberinin fikirlərinə istinad edir.

Onun sözlərinə görə, Rusiya Qərb paytaxtlarına təzyiq göstərmək üçün nüvə risklərindən manipulyasiya vasitəsi kimi istifadə etməkdə maraqlıdır.

Məqalədə qeyd olunur ki, Kremlin məqsədləri narahatlıq doğurur. Hesab edilir ki, Rusiya Birləşmiş Krallıqdakı mühüm NATO bazalarını izləmək üçün özünün kölgə ticarət donanmasından istifadə edir. Bu bazalara “Feltewell”, “Feyrford” və “Mildenhall” aviabazaları daxildir.

Müəllif vurğulayır ki, “Mildenhall” aviabazasında ABŞ Hərbi Hava Qüvvələrinə məxsus, nüvə qravitasiya bombaları daşıya bilən təyyarələr yerləşdirilir. Rusiyanın nüvə psixoloji təzyiq strategiyasının hədəfləri arasında Avropadakı atom elektrik stansiyaları da yer alır. Bildirilir ki, 2025-ci ilin noyabrında Belçikadakı “Doel” Atom Elektrik Stansiyasının üzərində üç pilotsuz uçuş aparatı müşahidə edilib.

“Moskvanın əsas məqsədi Qərbi Ukrayna məsələsində geri çəkilməyə məcbur etmək, Rusiyanın Avropanın hər hansı bir yerində radiasiya fəlakəti yarada biləcəyi qorxusunu yaymaqdır. Əslində, Putin nüvə təhlükəsi qorxusundan hibrid müharibə çərçivəsində siyasi təzyiq aləti kimi istifadə edir”, — məqalədə bildirilir.

The Hill hesab edir ki, Rusiyanın “nüvə blefi” bundan sonra da güclənəcək:

“Lakin bu blefi ifşa etmək lazımdır. Çünki bundan başqa Putinin qarşısında yalnız bir seçim qalır: ABŞ prezidentinə zəng edərək sülh təklifi vermək”, – deyə nəşr vurğulayıb. /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ