ABŞ-ın İrana zərbələrindən sonra İsrail yüksək hazırlıq vəziyyətinə keçdi


ABŞ-ın İrana qarşı həyata keçirdiyi genişmiqyaslı hava hücumlarından sonra İsrailin Tehran və ya Livandan gələ biləcək mümkün cavab addımlarına qarşı hazırlıq səviyyəsini artırdığı bildirilir.

Turkustan.az xəbər verir ki, İsraildə fəaliyyət göstərən "Walla" xəbər saytının təhlükəsizlik mənbəyinə istinadən yaydığı məlumata görə, ABŞ-ın İrandakı hədəflərə zərbələri və Tehranın mümkün reaksiyası fonunda İsrail ordusu yüksək hazırlıq vəziyyətinə keçirilib.

Mənbənin sözlərinə görə, hazırlıq tədbirləri İran ("üçüncü dairə") və ya Livan istiqamətindən yarana biləcək istənilən təhlükəyə qarşı bütün müdafiə sistemlərinin tam döyüş hazırlığına gətirilməsini əhatə edir.

Bununla yanaşı, təhlükəsizlik mənbəyi qeyd edib ki, hazırda İranın hərbi fəallığının artdığına və ya İsrailə qarşı raket hücumuna hazırlaşdığına dair heç bir qeyri-adi əlamət müşahidə olunmayıb.

Mənbə əlavə edib ki, ABŞ-ın İrana endirdiyi zərbələrin tam miqyası hələ dəqiqləşmədiyi üçün Tehranın necə cavab verəcəyini indidən proqnozlaşdırmaq mümkün deyil.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ