Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) hazırladığı iddia edilən hesabatda Rusiyanın Avropada NATO-nun hərbi və nüvə infrastrukturunu izləmək üçün “gizli donanma” adlandırılan neft tankerlərindən istifadə etdiyi irəli sürülür.
Turkustan.az xəbər verir ki, “The Telegraph”ın məlumatına görə, hesabatda bildirilir ki, Moskva sanksiyalardan yayınmaq üçün istifadə etdiyi tanker şəbəkəsini mobil platformalara çevirərək son 15 ay ərzində Böyük Britaniya, Fransa və Almaniya da daxil olmaqla 13 Avropa ölkəsindəki NATO hərbi obyektləri üzərində uzun mənzilli pilotsuz uçuş aparatları ilə kəşfiyyat əməliyyatları həyata keçirib.
Ekspertlər bu fəaliyyəti Rusiyanın NATO-nun hava hücumundan müdafiə imkanlarını və kritik infrastrukturunu sınaqdan keçirməyə yönəlmiş hibrid müharibə strategiyasının tərkib hissəsi kimi qiymətləndirirlər. Məlumata görə, məsələ Türkiyədə keçiriləcək NATO Zirvə Toplantısında da müzakirə oluna bilər.
Hesabatın diqqət çəkən məqamlarından biri Böyük Britaniyadakı ABŞ hərbi bazaları ilə bağlıdır. Bildirilir ki, Suffolk qraflığında yerləşən və nüvə silahlarının yerləşdirilməsi üçün hazırlandığı iddia edilən RAF Lakenheath bazası pilotsuz uçuş aparatlarının hava məkanını pozduğu obyektlərdən biri olub.
Aytən Yaşar/ Turkustan.az