Vaşinqtonla Təl-Əvivin arası sərinləşir: İsrail tək qalır?


Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, İsrailə dəstək artıq ABŞ-nin maraqlarına cavab vermir.

O qeyd edib ki, amerikalı siyasətçilər İsraili yalnız onların öz maraqlarına xidmət etdiyi müddətdə dəstəkləyirlər. Bu dinamika o qədər uzun müddətdir davam edir ki, İsrailə dəstəklə ABŞ maraqlarının irəlilədilməsi arasındakı əlaqə dəyişməz bir aksioma kimi qəbul olunmağa başlayıb.

Həqiqətən də, İranla müharibə ABŞ-nin Donald Tramp adminstrasiyası ilə İsrailin Benyamin Netanyahu hökuməti arasında ciddi fikir ayrılıqlarının olduğunu da üzə çıxartdı. Belə ki, Trampın İranla razılığa gəlmək istəyi fonunda, İsrail hər dəfə buna qarşı çıxmağa çalışıb. Belə vəziyyətə görə, hətta Tramp bir neçə dəfə Netanyahunu tənbeh də edib.

Politoloq Zərdüşt Əlizadə "Bakupost"a bildirib ki, Hakan Fidan sözügedən fikirlərində qismən haqlıdır:

“Düzdür, İsrailə dəstək əvvəlki kimi ABŞ-nin maraqlarına cavab vermir. Amma bu dəstək qalmaqdadır. Bu fonda Hakan Fidan dediklərində müəyyən dərəcədə haqlıdır. Nə İsrail, nə də Amerika tam olaraq bir-birinə dəstək vermir. Amerikada əhalinin 80 faizi İranla müharibənin əleyhinə idi, yalnız 20 faizi ona dəstək verirdi. İsraildə isə 60 faiz müharibənin əleyhinə olub, 40 faiz isə lehinə. Hansı ki, onlar da hazırda hakimiyyətdədirlər”.

Ekspertin sözlərinə görə, Amerika hakimiyyəti İsraildən alət kimi istifadə etməkdə davam edir: “İsraildən istifadə etməklə, regiona təsir edər, ərəb ölkələrini öz təsir dairəsində saxlayır. Bu mənada, ABŞ ilə İsrail həm rəqib, həm də tərəfdaşdırlar. Hətta onu da qeyd edim ki, İsraillə Türkiyə arasında olan gərginliyə rəğmən onlar da bəzi hallarda əlbir işləyirlər. Məsələn, Suriyada Bəşər Əsəd rejiminin devrilməsində əlbir oldular”.


MANŞET XƏBƏRLƏRİ